Azərbaycanda Fətullah Gülən tərəfdarlarına qarşı başladılan mübarizə qarşı tərəfin də hücuma start verməsinə səbəb olub. AzNews.az-a daxil olan məlumata görə, Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq müdiri, hazırda isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin rəhbəri vəzifəsində çalışan və gülənçilərin Azərbaycandakı əsas adamı hesab olunan Elnur Aslanov artıq əks-fəaliyyətə başlayıb. Bildirilir ki, sözügedən şəxsin rəhbərliyi ilə mütəmadi olaraq iclaslar keçirilir və gülənçilərə qarşı başladılan əməliyyatların qarşısının alınması yolları müzakirə olunur.
Azərbaycandakı nurçular əks-hücuma keçirlər.
Məlumata görə, toplantılarda ictimai fikri yayındırmağa yönələn fəaliyyət planı hazırlanıb. Planın əsas tərkib hissəsi yerli media oqanları ilə işləmək, hökumətə müxalif olan kəsimlə əlaqələri möhkəmləndirmək, nurçuluğa qarşı mübarizəni siyasiləşdirmək və bununla da hökumətə qarşı ictimai qınağı cilalamaqdır. Gülənçilər höküməti gözdən salmaq üçün bir sıra məsələləri şişirdilmiş halda cəmiyyətə çatdırmağı əsəs rıçaqlardan biri kimi nəzərdə tutub. Burada son iqtisadi proseslər, manatın ucuzlaşması və ABŞ-la Azərbaycan dövlətinin münasibətlərinin soyuqlaşması əsas arqument kimi istifadə edilir. Bu işlərin planlaşdırılmasında Elnur Aslanovla yanaşı Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Elşad İsgəndərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və sabiq millət vəkili Ceyhun Osmanlı əsas rol oynayır. Ancaq media və sosial şəbəkələrlə əsas iş C. Osmanlıya tapşırılıb. Belə ki, keçmiş deputat müxtəlif mətbu orqanlarının rəhbərləri ilə danışıqlara girərək gülənçilərin əleyhinə dərc edilən yazıların qarşısını almağa çalışır. Danışıqlarda xüsusilə Elnur Aslanovun hədəf götürüldüyü yazıların tirajlanmaması məsələsi qabardılır.