“Təəssüf ki, bu dəfə də təhsildə islahata qarşı olan komanda qalib gəldi”.

Sual keçən əsrin 30-cu illərinin sinfi mübarizəsini özündə əks etdirsə də, Azərbaycan təhsilinin bu günü ilə möhkəm səsləşir.загружено (14)
M. Cabbarov nazir təyin ediləndə bəzi diletantlar hesab edirdilər ki, təhsilimizin ağ atlı oğlanı gəlib. Biz isə  lk gündən bəyan etdik ki, təhsilin problemi kimin nazir təyin edilməsindən deyil, siyasi sistemin mahiyyətindən asılıdır. Amma, insafən, yeni nazir islahat aparmaq əzmi ilə öz işinə başladı. Düzdür, indi M. Cabbarovun fəaliyyətində xeyli boşluqlar var və bu, insanları narahat etdiyi üçün onun islahat aparmaq əzmini də çoxları  qəbul etmir. Təhsildə islahat aparmaq kompleks tədbirlər sistemidir. Yeni nazirə  nəinki islahat aparmağa, hətta elementar yeniliklər etməyə imkan vermədilər.
Bunlar kimdir?
Sirr deyil ki, Prezidentin imzaladığı sənədlərin icrasını dayandıran şəxslər xırda məmurlar deyil, onun komandasının aparıcı üzvləridir, yoxsa onlar:
-Regional təhsil idarələrinin yaradılmasını;
-müəllimlərə əlavə status verilməsini;
-Startegiyadakı bir sıra müddəaların həyata keçirilməsini (insan resurslarının müasirləşdirilməsi, xüsusilə məktəbi idarə edə biləcək müasir kadrların hazırlanması, ali təhsil müəssisələriinə akademik və maliyyə muxtariyyətinin verilməsi və s.);
-diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş müəllimlərin layiqli əmək haqqı almasını əngəlləyə bilməzdilər.
Söhbət ondan gedir ki, islahat aparmaq rayon icra başçılarının “təsərrüfatını” əlindən almaq deməkdir, çünki onlar təhsil şöbələrinə gəlir yeri kimi baxırlar. Statistika Komitəsinin Lənkəran və İmişli rayon təhsil idarələrində apardığı yoxlamaların nəticələri dediklərimizə əyani sübutdur. Vaxtilə digər rayonların təhsil şöbələrində də aparılmış yoxlamalar zamanı iki qurum arasındakı mübarizə gizli şəkildə davam etsə də, məktəb direktorlarının yeni qayda ilə işə götürülməsi maskaları yırtdı. Güman edirəm ki, bizi tələskənlikdə ittiham edə bilməzlər. Artıq nazirin imzaladığı əmrin sayı da bilinir: 590.
Təhsil Nazirliyi 2016-cı ilin martında ümumtəhsil məktəblərinin boş ( vakant ) direktorluğuna işə qəbulla əlaqədar müsabiqə elan etdi. Azərbaycanda 600-ə yaxın məktəb direktoru vəzifəsi vakant idi. 3000-dən çox müəllim qeydiyyatdan keçdi və 16,17,18 aprel tarixlərində İqtisad Unıversitetində test imtahanları verdi.495 nəfər müəllim məktəb direktoru vəzifəsinə qəbul olmaq hüququ qazandı. Namizədlər müsahibənin gedişi ilə bağlı narazılıq ifadə edəndə biz, nazirliyin mətbuat xidmətinə istinad edrək,   onları ümidli olmağa səsləyirdik: nazir icra başçılarının müdaxiləsindən məlumatlıdır və  neqativ halların baş verməsinə imkan verməyəcək. Bu vaxta qədər Təhsil Nazirliyi susdu və sonda qərarını gizli şəkildə rayon təhsil şöbələrinə göndərdi.
Yüksək bal toplamış  namizədlərin , demək olar ki, heç biri qəbul edilmədi. Bəzilərini hətta məcbur etdilər ki, müsahibə mərhələsində iştirak etməkdən imtina ərizəsi yazsın. Beləliklə, köhnə direktorları öz yerində saxladılar. Nümunələrə baxaq.
1. Lənkəran rayonu Separadi kənd məktəbində direktor vəzifəsində çalışmaq üçün Elşən Məmmədov 54 bal toplamışdır. Onun rəqibi , hazırda məktəbin direktoru isə 13 bal yığa bilmişdir.54 bal toplayan gənc müəllimi qəbul etməyiblər. Beləliklə, köhnə direktor yerində qalıb. Bu məktəb 2014- cü ildən vakant siyahıdadır.  Bax direktoru bu cür “yaşadırlar”.
2. Saatlı rayonu S. Vurğun adına məktəbin direktorluğu vəzifəsini tutmaq üçün Kamran Nəsirov yüksək bal toplayıb, lakin qəbul edilməyib.
3. Turanə Turan(facebook adı) Qubadl Təhsil Şöbəsi üzrə ən yüksək bal toplamışdır, lakin kənarda qalıb.
4. Sabirabad rayonundan Zəka Cabbarov, yüksək bal toplamasına baxmayaraq, direktorluğa qəbul edilməyib.
Nazirliyin apardığı imtahanın nəticəsindən narazı qalanların sayı kifayət qədərdir. Mən yalnız bir neçəsini qeyd etdim. Güman edirəm, vəziyyəti təqdim etmək üçün əlavə şərhə ehtiac yoxdur. Təhsilə münasibətdə hakimiyyətin yüksək eşelonunda dualist bir baxış olduğunu bir neçə il bundan qabaq yazmışam. Onu da dəfələrlə qeyd etmişəm ki, M. Cabbarov təhsilimizi inkişaf relsinə çıxarmaq üçün cəhdlər edir. Sağlam düşüncəbizə diqtə edir ki, nazir ölkə başçısının razılığı olmadan bu işlərə əl qoya bilməz. Eyni zamanda “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın hazırlanması Prezidentin təhsildə islahat aparmaq niyyətinin olduğunu bir dahatəsdiq edir. Məsələnin mahiyyəti çox sadədir: ölkdə baş verənlərin hamısına 1- ci şəxs cavabdehdir. Təəssüf ki, bu dəfə də islahata qarşı olan komanda qalib gəldi. Artıq “Kim kimi?” sualına cavab verildi.
Qalır bir neçə suala cavab axtarmaq:  bu teatr kimə lazım idi, niyə müəllimlərin qızıl vaxtını alıb onları imtahana dəvət etdiniz, yüksək bal toplamasına baxmayaraq qəbul edilməyən müəllimlərin itirdiyi maliyyəni kim ödəyəcək, bundan sonra sizin direktorluğa qəbul olmaq üçün çağırışlarınıza kim inanacaq?