Tam əminəm ki, mənim işə qəbul edilməməyimin yeganə səbəbi hicab bağlamağımdır. Elə ona görə də müvafiq dövlət orqanının məmurları tərəfindən diskriminasiyaya məruz qalmışam.
Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi bina 18, mənzil 86 ünvanda yaşayan Zeynəb Rza Əli qızı üzləşdiyi problemlə bağlı ölkə başçısına ərizə ilə müraciət edib. Ərizəsinin surətini Conflict.az-a göndərən şikayətçının müraciətində deyilir:
Cənab Prezident!
Mən yuxarıda qeyd etdiyim ünvanda ailəmlə birlikdə yaşayıram. Atam 3-cü qrup əlildir. Anam isə hələ mən kiçik ikən Haqqın dərgahına qovuşub. Çox çətinlik içərisində yaşamağımıza baxmayaraq, orta məktəbi və Bakı Dövlət Universitetini yaxşı qiymətlərlə oxumuşam. Diqqətinizə çatdırıram ki, bu il – 2016-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini “informatika müəllimi” ixtisası üzrə bitirdim. Təhsil nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən müəllimlərin işə qəbulu ilə əlaqədar imtahanda iştirak etmək üçün elektron ərizə ilə müraciət etdim və qeydiyyatdan keçdim. 31.07.2016-cı Il tarixdə İqtisadiyyat universitetinin binasında keçrilən imtahanda iştirak edərək, keçid balının 36 olmasına baxmayaraq, mən 42.1755 bal topladım. Topladığım balın müqabilində Saatlı rayonunun Novruzlu kənd orta məktəbini seçdim və qəbul edildim. İşə qəbulun müsahibə mərhələsində də verilən sualların əksəriyyətini cavablandırdım. Nəticə qənaətbəxş hesab edildiyindən yekun rəylə də maraqlanmadım. Çünki imtahan götürən komissiya üzvləri nəticə səhifəmə göndərəcəklərini bildirdilər. Bir neçə gün sonra səhifəmə gələn nəticə isə heçdə mən gözlədiyim kimi olmadı. Komissiya mənə “Sizin peşəkar kompetensiyalarınız müsahibə programının meyarlarına uyğun olmadığından siz müsahibədən keçməmisiniz” – cavabını vermişdi. Hesab edirəm ki, bu, məntiqdən və peşəkarlıqdan uzaq cavabdır və kifayət qədər düşündürücü suallar yaradır. Məsələn, mən nə zaman müəllim və ixtisası üzrə işlədim ki, peşakar olmadığım məlum oldu? Və ya mənim hicablı olmağım “PEŞƏKAR KOMPETENSİYALARA” uyğun olmayacaqdısa niyə həmin fakültədə təhsil almağıma icazə verilirdi?.
Cənab Prezident!
Biz inanclı ailəyik və mən uzun illərdir ki, hicab bağlayıram.
Dinin dövlətdən ayrı olduğunu bilirəm. Fəaliyyətimdə Azərbaycan Respublikasının qanunlarının və ölkənin ümumtəhsil siyasətinə aid norma və prinsiplərindəki öhdəliklərində fərqindəyəm. Və ona da tam əminəm ki, mənim işə qəbul edilməməyimin yeganə səbəbi hicab bağlamağımdır. Elə ona görə də müvafiq dövlət orqanının məmurları tərəfindən diskriminasiyaya məruz qalmışam.
Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşı olaraq hüquqlarımın müdafiəsinin əsas qarantı olduğunuzu düşünərək və Konstitusianın 71-ci maddəsinin IV bəndinin tələblərini əsas tutaraq Sizə müraciət edirəm:
– Məruz qaldığım haqsızlığın səbəbləri qanuna uyğun şəkildə araşdırılması və diskriminasiya faktının aradan qaldırılması barədə müvafiq qurumlara göstəriş verməklə, işləmək hüququmun bərpa olunmasına yardım edəsiniz. conflict.az