Cavanşir Quliyev: “Umanlar umduqlarını ala bilmədilər deyə düşmənə çevrildilər”

Cavanşir Quliyev: “Umanlar umduqlarını ala bilmədilər deyə düşmənə çevrildilər”

Sənə bir daş atar yerindən duran,                                                                                                                                        Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?!

Ramiz Rövşən “Tanrı elçisi” şerini Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə yazmışdı. Cavanşir Quliyev də musiqi bəstələmişdi.

Onda Elçibəy sağ idi, onda Elçibəyə hərə bir daş atırdı, o, bu daşların ağrısına dözürdü, Tanrı öz elçisini min bir daş altında yenə sağ eyləyirdi, o daşlardan ona ev tikirdi, saray ucaldırdı. Sonra Elçibəy bu evdən, bu saraydan köçdü. 62 yaşda, peyğəmbər yaşında…

Bu gün isə Elçibəyin vəfatından 16 il ötür. Bu sözləri nəğməyə çevirən Cavanşir Quliyev illər sonra onunla tanışlığını, dostluğunu, ideyaları uğrunda mübarizəsini belə xatırlayır:

Ona “vətən xaini” deyirdilər…

Əbülfəz bəylə 1970-ci illərdə Bulvardakı çayxanaların birində tanış olmuşuq. Onun ətrafına o zaman sənət adamları, şairlər, yazıçılar, tarixçilər yığışardılar. Məsələn, Vaqif Cəbrayılzadə, Dilsuz Mustafayev, Kamil Vəli, Əlisa Nicat… O vaxtdan o deyirdi ki, Sovet hökuməti dağılacaq. Açığı, onun dediklərinə heç kim inanmırdı, amma Əbülfəz bəy deyirdi, özü də böyük inamla. Elə ilk tanışlıqdan Elçibəy mənə möhkəm xarakterli, özünəinamlı, ideyalarına sadiq adam təsiri bağışlamışdı.

Sonra KQB onu həbs elədi. Açıq keçirilən məhkəmə iclaslarında iştirak eləyə bilirdik. Bir neçə məhkəməsinə getmişdik, axırıncı məhkəməsində də iştirak elədik. Gözümüzün qabağında bir insanı həbs etmişdilər, özü də ədalətsiz yerə. Və ona ən ağır ittihamı irəli sürürdülər. Deyirdilər, dövlətə qarşı fəaliyyətdə iştirak edib, vətən xainidir. Vicdanı, ləyaqəti olan insanlar bu ittiham qarşısında sakit qala bilməzdilər. Biz yaxşı bilirdik ki, bu, tamamilə əsassız, saxta ittihamdır.

Türklükdən danışdığına görə onu həbs etmişdilər…

Əbülfəz bəy bizimlə xalqımızın tarixindən danışardı, dilimizdən, milli kimliyimizdən söz açardı. Deyərdi biz türkük. Sovet hökumətinin gözündə isə “türk” sözü vətənə xəyanət hesab olunurdu. SSRİ-dən Türkiyəyə turistlər gedəndə belə onların içində azərbaycanlılar çox az yer alırdı, gedənlər də birbaşa KQB-nin nəzarətində olurdu. Çünki Türkiyədə bircə gün yaşamaq, bir neçə insanla təmasda olmaq yetərli idi ki, Bakıdan gedən insan eyni millət olduğumuzu anlasın. Bax, Əbülfəz bəy belə bir vaxtda türklükdən, türklüyün mahiyyətindən danışırdı.

Bütün bunlara görə də onu həbs etmişdilər. O, həbsxanadan çıxandan sonra universitetə qayıda bilmədi, məhkumluğu olan birini Sovet dövləti bir də auditoriyaya buraxmazdı. Ona görə də Əlyazmalar İnstitutunda işləməyə getdi.

O dövrdə bir ara görüşmədik. Mənim başım öz yaradıcılığıma qarışdı. Ara-sıra ya bulvardakı çayxanada görüşürdük, ya da Akademiyanın tədbirlərində rastlaşırdıq.

Deyirdi darıxma…

Bizim yollarımız bir də 1988-ci ildə kəsişdi – Qarabağ hadisələri başlayanda. Ondan sonra daha sıx-sıx görüşməyə başladıq, mən onu bir şəxsiyyət kimi daha yaxından müşahidə elədim, yenidən kəşf elədim. Bəy hərəkatın liderinə çevriləndən sonra çevrəsi təbii olaraq böyüdü, onunla görüşmək istəyənlərin sayı birə-yüz artdı. O dövrdə onu çox narahat etmək istəmirdik. Çünki onun nə istədiyini, bu işdə bizə nə düşdüyünü yaxşı bilirdik. Yanına gedib vaxtını almağa lüzum görmürdük. Amalımız bir idi!

Sonra milli hökumət gəldi, Əbülfəz bəy prezident oldu. Qiyam çıxdı, bəy Kələkiyə getdi…

1997-də Bakıya qayıtdı. Görüşlərimizdə ona yarızarafat-yarıciddi deyirdim, Əbülfəz bəy, bizim sənətlə, yaradıcılıqla bağlı işlərimiz tökülüb qalıb, xahiş eləyirəm, hakimiyyətə gəlin, biz də rahat olaq, gedək öz işimizin dalınca. Yoruldum bu siyasi işlərdən, mən iclas adamı deyiləm. Vaxt gedir, zaman gedir. O da gülürdü, deyirdi darıxma…

Bu qədər böyük adam idi…

O deyirdi, mən Sovet hökumətini yıxmaq istəmirəm. Sadəcə deyirəm ki, bu dövlət yıxılacaq. Mənim işim bu millətə özünü, milli kimliyini tanıtmaqdır.

Məhkəmə iclasında bir professor Əbülfəz bəylə bağlı çox çirkin, iyrənc çıxış elədi, onu şərlədi. Haqqında iyrənc ittihamlar səsləndirdi.

Axırda söz bəyə veriləndə bəy dedi ki, mən dediyimi demişəm, ancaq mənə nə qədər vaxt vermək istəyirsinizsə, verin bu adama, deyəsən, onun ürəyi dolu qaldı. Bu qədər böyük adam idi.

Umduqlarını ala bilməyənlər ona düşmən kəsildi…

Prezidentlik illərində görüşürdük. İqamətgahda olurduq. 20 Yanvarın ildönümü ilə bağlı rəhmətlik Vaqif İbrahimoğluyla bir yerdə Respublika Sarayında kompozisiya hazırlamışdıq. Tədbirdən sonra dedilər ki, prezident sizinlə görüşmək istəyir. Biz də getdik. Bir xeyli söhbət elədik, ölkənin dərdlərindən filan danışdıq.

Mən heç vaxt ondan heç nə ummamışdım. Ancaq umanlar var idi, hətta umduqlarını ala bilməyib, düşmənə çevrilənlər oldu. Gözümüzün qabağında Xalq Cəbhəsi kimi hərəkatı parçaladılar, parçaladılar, bu gün də parçalamaqda davam eləyirlər.

O, yazıçı, filosof olmalıydı…

Bəy, əslində, bir sənət adamı idi. Hətta siyasi hadisələri belə bədii təxəyyüllə izah edərdi. O, bir yazıçı, tənqidçi, filosof olmalı idi.

Bir dəfə məndən Qara Qarayevin ən mürəkkəb əsərlərindən olan 3-cü Simfoniya barədə soruşdu, əsərin strukturu ilə bağlı maraqlı suallar verdi. Bir xeyli söhbət elədik. O əsər xeyli mürəkkəb əsərdi, indiyədək anlamaqda çətinlik çəkənlər var. Pianoda bir-iki parça ifa elədim, quruluşu barədə xeyli danışdıq. Gördüm ki, bu adam bütün ruhu ilə sənətin incəliklərini duyur.

Siz Elçibəyin qədrini bilmədiniz…

Çox həssas insanıydı. Bəzən onun barəsində deyirlər ki, ondan prezident olmazdı. Çünki ürəyiyumşaq adamdır. Mən də deyirəm ki, sizcə, prezident qaniçən olmalıdır? Bu, nə yanlış yanaşmadır? Qətiyyən razı deyiləm.

Bakıda Almaniyanın bir konsulu vardı. Sənəti sevən insan idi. Bizi evinə dəvət etmişdi. Söhbət 90-cı illərin ortalarından gedir. O mənə dedi ki, Əbülfəz Elçibəy tamamilə yanlışlıqla göylərdən sizə – Azərbaycana enib. Siz hələ elə bir insanın prezidentliyi səviyyəsində böyüməmisiniz. Elçibəy Avropada prezident olmağa layiq insandır. Demokrat, liberal bir rəhbər sizə lazım deyil. Siz onun qədrini bilməzsiniz, bilmədiniz də…

Həqiqətlərini müdafiə edərkən Elçibəydən sərt adam olmazdı…

Yalan deyirlər ki, o, yumşaq adam olub. Yetərincə sərt adam idi. Sadəcə, öz xalqını çox sevirdi deyə sərtlik eləmirdi. Öz bildiyi həqiqətləri müdafiə edərkən dünyada Əbülfəz bəydən sərt adam yox idi. Bir şeyi yadda saxlayın ki, ideyaya söykənməyən sərt adamlar elə ilk sınaqdaca darmadağın olurlar. Ancaq davası, ideyası olan adamları sapdırmaq, əzmək olmur. 180 dərəcə dönən adamları azmı görmüşük?

Məncə, Azərbaycan xalqı Elçibəyi tanımadı, tanıya bilmədi…

…Vəziyyətinin pis olduğunu bilirdik, ancaq ölümün onu belə tez haqlayacağı ağlımıza gəlməzdi. Ölüm xəbərini eşidəndə hamımız iflic olduq. Qərargaha necə getdik, necə götürüldük, indi də adama yuxu kimi gəlir…

Əcəl imkan vermədi…

Bir dəfə hava limanında dövlət başçılarını qarşılayarkən dedim ki, orkestrin hərəkət trayektoriyası, geyimi Sovet dövründən qalmadır, ifaları da Sovet ordusunun marşlarını xatırladır. Burda bəzi dəyişikliklər etmək, azərbaycanlılaşdırmaq lazımdır. Musiqimiz zəngin, tariximiz zəngin. Mənə dedi ki, haqlısan, ancaq indi baş çox qarışıqdı, hələ Qarabağ məsələsi var. Bunu da ən yaxın zamanda oturub müzakirə eləyərik.

Dedim tələsmirəm, gözləyək… Axırı da belə… Əcəl imkan vermədi…