YAP iqtidarı «vurulmuş» «gülənçilər»i önə verməklə Fətullah Gülənə bağlı iri məmurları hədəfdən yayındırmağa çalışır
Türkiyə hakimiyyətinin Fətullah Gülən məsələsində prinspial mövqe tutması Azərbaycan iqtidarının hərəkətə gətirib. Dünənə qədər müxalifətçiləri “gülənçi” ittihamı ilə şərləyən və gülüş hədəfinə çevrilən hakimiyyət artıq öz daxilindəki “fətullahçılar”a “diqqət” yetirməyə başlayıb. Lakin bu dəfə də “Gülən camaatı” ilə əlaqədə şübhəli bilinən iri məmurlar hədəfdən yayındırılır. Əvəzində bir neçə il əvvəl baş verən “nurçu qalmaqalı”nda adı hallanan şəxslər önə çıxarılır. Bu sırada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Elnur Aslanov, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, keçmiş deputat Ceyhun Osmanlının adlarını çəkmək olar. Artıq yenidən bu şəxslərlə bağlı məlumatlar iqtidar mediasının manşetlərini bəzəməyə başlayıb.
Yada salaq ki, adıçəkilən şəxslər bir neçə il əvvəl baş verən “nurçu qalmaqalı”nda küncə sıxışdırılıblar. Elnur Aslanov Prezident Administrasiyasının siyasi təhil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən çıxarılaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə gətirilib. Ceyhun Osmanlı 2015-ci il parlament seçkilərindən kənarda saxlanılıb. Fərhad Məmmədov da kölgəyə çəkilib. Bu şəxslərin nəzarətində olan “Irəli” gənclər təşkilatının fəaliyyəti də “nurçu qalmaqalı”ndan sonra hiss olunmur. Elnur Aslanovun nəzarətində olan xəbər saytları da ondan alınıb. Qısası, bu şəxslər “vurulmuş” kadrlar sayılır və artıq Elnur Aslanovun ölkədən qaçması barədə xəbər yayılıb. Axar.az-ın məlumatına görə, o, məzuniyyət götürərək ölkədən gedib və geri qayıtmacaq. Rabitə və Yüksər Texnologiya Nazirliyindən Elnur Aslanovun məzuniyyətə çıxdığını təsdiqləyiblər. Onun nə vaxt qayıdıb-qayıtmacağı barədə isə konkret heç nə bildirilməyib.
Hakimiyyət daxilində isə “gülənçilər”ə yaxınlığı şübhə doğurmayan daha iri məmurlar var. Lakin görünən odur ki, hakimiyyət “vurulmuş” kadrları qurban verməklə iri məmurları qorumağa çalışır. Ankaranın bu plana aldanacağı inandırıcı düşünmür. Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a açıqlamalarından da görünür ki, “gülənçilər” hakimiyyətdə daha yuxarı səviyyədə təmsil olunurlar və Ankaranı da maraqlandıran məhz həmin şəxslərdir: “Illərdir Türkiyədən məlumatlar ötürülürdü ki, Azərbaycan Dövlət Neft Şirkətində Gülən şəbəkəsinə bağlı simalar var. Bu haqda Türkiyədə Ərdoğana bağlı qəzetlər az qala hər ay məqalə yayınlayırdılar. Ancaq Neft Şirkətinin heç bir reaksiyası olmurdu. 15 iyuldan sonra Türkiyə hakimiyyəti özü hərəkətə keçərək Neft Şirkətinin Türkiyədəki bütün ofis rəhbərliyini və PETKIM-in başında dayananları həbs etdi. Bu, sıradan bir hadisə deyildi. Dövlət Neft Şirkəti Azərbaycanın ən böyük vergiödəyicisi, PETKIM isə Azərbaycanın xaricdəki ən böyük yatırım qoyduğu şirkətdir. Əslində bundan sonra Neft Şirkətinin fəaliyyəti ciddi yoxlanılmalı idi, ən vacib sual bu olmalı idi: necə olub ki, Gülən şəbəkəsi Neft Şirkətində kök salıb, buna kim və ya kimlər şərait yaradıb? Türkiyədə indi əsas məsələ budur ki, qurunun oduna yaş yanmasın. Yəni Gülən şəbəkəsinə bağlı simalar cinayət məsuliyyətinə cəlb olunsun, ancaq elə etmək lazımdır ki, günahsız insanlar bu mübarizənin qurbanına çevrilməsinlər. Ancaq təəssüf ki, Azərbaycanda bu mübarizədə hədəf yayındırılır, qurunun oduna yaşın yanması təhlükəsi var. ANS ilk belə qurbanlardan biri oldu, halbuki bu televiziyanın Gülən şəbəkəsi ilə yaxından, uzaqdan əlaqəsi yoxdur, sadəcə, yayınlanmayan müsahibəyə görə televiziya qapadıldı, indi də bəzi müxalifət nümayəndələri cinayət məsuliyyətinə cəlb olunurlar. Ittiham belədir ki, onlardan Gülənin kitabları tapılıb. Birincisi, Gülənin kitablarını qadağan etmək lazımdır ki, insanlar bilsinlər hansı kitabları oxumaq olmaz. Ona qalsa milyonlarla insanın qətlinə rəvac vermiş Hitlerin ”Mənim mübarizəm” kitabı dünyanın bütün kitabxanalarında satılır. Ikincisi, Gülənin kitabını oxuyan “cinayətkardırsa”, bəs onun kitablarını Azərbaycanda nəşr edənlər, həmin kitabları sərhəddən buraxanlar, gülənçilərin Bakıda qurduqları Avrasiya Dialoq Platformunda yer alanlar və bu platform vasitəsilə dünyanı gəzənlər, Gülənə tərif dolu məqalələr yazanlar, Gülənlə Pensilvaniyada görüşənlər, ən nəhayət, Neft Şirkətinin Türkiyədəki təmsilçiliyini ələ keçirənlərə göz yumanlar nə qədər günahkardır? Günahkar o deyil ki, Gülənə pərəstiş edib, onunla görüşüb, Qafqaz Universitetindən məzun olub və ya onun kitablarını oxuyub.
Günahkar odur ki, Fətullah Gülən bir neçə il əvvəl terrorçu elan olunduqdan sonra da şəbəkənin imamlarına tabe olub, öz adamlarını dövlət sistemində yerləşdirib, digərlərini saf-çürük edib və şəbəkənin maliyyələşməsində rol alıb”.