Akif Çovdarov aclıq aksiyasına başlayıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Bu barədə A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.images (1)

Vəkil bildirib ki, A.Çovdarov aksiyaya avqustun 19-dan başlayıb: “Avqustun 22-də təcridxanada Akif Çovdarovla görüşdüm. Ayın 19-dan nə yemək yeyir, nə də dərman qəbul edir. Hazırda vəziyyəti yaxşı deyil”.

Vəkil qeyd edib ki, A.Çovdarov aclıq aksiyasına başlaması barədə Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə rəsmi məlumat verib.

Xatırladaq ki, A.Çovdarov səhhəti ilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində həkim nəzarətində saxlanılır.

A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay müddətinə artırılıb.