22 avqust Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfat etdiyi gündür.
Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Əliyev 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.
Xarici ezamiyyətdən sonra 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ildədək azadlıqdan məhrum edilib. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalıb. 1976-cı ilin dekabrında AMEA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayıb. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlib (16.07.1992-ci ilədək).
O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy 1992-ci ildə Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə ilk dəfə prezident seçilib.
1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişib. Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.
Abzas.net