Türkelin qohumlarıda Gülənçidir ?

Hakimiyyət yenə də öz ampluasındadır. Artıq bir neçə gündür ki, siyasi fəallara qarşı hücuma keçən hakimiyyət bu dəfə AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü, hazırda Avropada yaşayan Türkel Əlisoyun (Azərtürk) qohumlarına və ailəsinə təzyiq edir. Bu haqda “Azadlıq”a Türkel Əlisoyun özü məlumat verib.
cəlilabad
Onun bildirdiyinə görə, dünən axşam saatlarında  Cəlilabadda yaşayan yaxın qohumlarından birinin evinə bir neçə dəfə Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları gəliblər və Türkeli soruşublar. Sonda onlar Əlisoyun qohumunu Polis Şöbəsinə dəvət ediblər və bildiriblər ki, rəis onunla görüşmək istəyir.
Polislərlə Şöbəyə gedən AXCP fəalının qohumunu şöbədə Eldar adlı rəis müavini qarşılayıb. Rəis müavini ondan Türkelin və ailəsinin hazırda harada olması haqda maraqlanıb. Daha sonra fəalın qohumuna bildirilib ki, Türkelin valideynləri həbs olunacaq.
Tükel Əlisoy isə yaxınlarına qarşı olan təzyiqləri özünün siyasi fəaliyyəti ilə bağlayır. “İlham Əliyev şahlıq məşqi edir. Sentyabrdan sonrakı dönəm üçün hazırlaşır. Ona görə də kimi istəyir tutur, kimi istəyir hədələyir. Faiq Əmirovun və Fuad Əhmədlinin həbsindən sonra  və  Keçən həftə cəbhəçi Məsud Rzanı polisə müqavimət adıyla, 4 gün əvvəl NİDA-çı Elgiz Qəhramanı ənənəvi narkotik ittihamı ilə, 2 gün əvvəl REAL-ın icra katibi Natig Jafarlini qanunsuz sahibkarlıq fəaliyyəti göstərmək ittihamı ilə həbs etdirən şah həzrətləri, dünən də Cəlilabad polislərini bir qohumumun evinə göndərib. Polislər evin xanımına hədə-qorxu gələrək, həyat yoldaşının təcili Cəlilabad rayon Polis Şöbəsinə gəlməli olduğunu, rəislə görüşməli olduğunu bildiriblər. Qohumum şöbəyə getdikdə isə bildiriblər ki, məsələ Türkellə bağlıdır. Ondan valideynlərimin yerini soruşublar. O, çoxdandır bizimlə münasibəti olmadığını, eşitdiyinə görə atamın Rusiyada olduğunu deyəndə isə ona bildiriblər ki, Nazirlikdə araşdırılıb və valideynlərimin ölkədə olduğu təsbit edilib. Rəis müavini Eldar daha sonra əlavə edib ki, Türkelin valideynləri özləri şöbəyə gəlməsələr, onları həbs edəcək. Həzrətin ən son tapşırığı isə o olub ki, sabah evdə ol, rəis səni şəxsən görmək isrəyir. Dünən gecdən səhərə qədər isə nənəmgilin evi nəzarətdə saxlanılıb və atamın evdən çıxmasını gözləyiblər. Həmin vaxt isə valideynlərim evdə olmayıblar və məcburən başqa ünvanda gecələyiblər. Bütün bunlar “Milli FETOmuz” olan Eynulla Fətullayevin mənim də çalışdığım “Azərbaycan saatı” proqramının Fətullah Gülənlə əlaqələndirildiyi müəllif yazısından və Prokurorluğun “Fətullah Gülən tərəfdarları ilə bağlı zəruri əməliyyat tədbirləri keçirilir” açıqlamasından cəmi bir neçə saat sonraya təsadüf edir. Düşünürəm ki, məsələ də bununla bağlıdır. Odur ki, Daxili İşlər Nazirliyindən baş verən özbaşınalıqla bağlı açıqlama vermələrini əvvəlcə xahiş, sonra isə tələb edirəm. Daha əziyyətdən keçib” – deyə Türkel Azərtürk bildirib.