Siyasi şərhçi Azər Rəşidoğlu bildirir ki, siyasi həbslər daha çox referendumla bağlıdır. Onun fikrincə hakimiyyət referenduma son dərəcə ciddi yanaşır və bu prosesi problemsiz başa çatdırmaq istəyir:
“Mən bu məsələyə bir qədər kompleks yanaşmağın tərəfdarıyam. Məsələ ondadır ki, get-gedə iqtisadi böhran dərinləşir. Və Dağlıq Qarabağla bağlı da danışıqlar gedir. Əgər o mətbuata təqdim olunan model işə düşəcəksə, ictimai narazılıq olmasın deyə indidən qabaqlayıcı tədbirlər görmək istəyirlər.
Həm də həbs dalğasının daha çox referendumla bağlı olmasını düşünürəm. Belə ki, nədənsə bu referendum hakimiyyət üçün son dərəcə ciddi bir məsələdir və hakimiyyət tamamilə sakit bir tərzdə referendumu başa vurmaq istəyir. Güman edirəm ki, referendumdan sonra hansısa ciddi addımlar atılacaq. Məhz bu addımlar hansısa etirazları doğura bilər. Bu baxımdan hakimiyyət indidən özü üçün təhlükəsizlik zolağı yaratmaq istəyir.
Digər tərəfdən QHT işi adlanan bir problem var idi. 31 QHT-yə, hansılar ki, ABŞ və Qərb təşkilatları ilə işləyirdilər, Baş prokurorluq vergilər nazirliyinə həmin QHT-ləri yoxlamaqla bağlı siyahı göndərmişdi. Bu gün məhz həmin o təqiblərə məruz qalanlar həmin o 31 təşkilatın rəhbərləridir. Onların artıq bir hissəsi Azərbaycanı tərk edib, digər bir hissəsi həbs olunub və əfvə düşüb, bir qismi isə hələ belə demək mümkünsə neytral zonadadır.
Həmin siyahıya diqqət yetirsək, növbəti həbslər dalğasının kimə şamil olunacağını əsaslandıra bilərik. Həmin siyahıda bir daha vurğulayıram ki, daha çox Qərb donorlarından qrant alan təşkilatlardır. Bu baxımdan hədəfin kim oduğu, hansı tərəf olduğu bəlli olur”.