Hogemon və Pokemon Dövlətlər

Bir sıra vərdiş, yəni aslılığa yol açacaq  məhsul ya da xidmətlər vardır ki, bunlar dövlətlərin “mühafizəkar” davranışları nəticəsində qadağan edilmişdir. Bəli, mühafizəkar dövlət. Bəzən ani olaraq başının üstünü kəsən hegemon, bəzən də cizgi film qəhrəmanları qədər mücərrət “pokemon” dövlət. Etdiyi işə görə hesab soran, amma etmədiyi üçün özünü cəzalandırmayan tək güc kimi təsir bağışlayan bəzi müasir dövlətin idarə şəkilləri haradan desən pul çıxarmağı bacarır. Məsələn, biz avtomobil idarə edən şəxs kimi, ya da elə adi piyada kimi avtomobil təkərlərinin qara izləri nəticəsində asfaltdan seçilməyən piyada zolaqları və dönmə nişanları üçün etiraz etməzkən (edəbilməzkən), dövlət inşa etdiyi piyada keçidi üçün cərimə yazmağı özünə borc bilir. “Dövlət əziyyət çəkib keçid inşa edib”. Görünməyən piyada zolaqlarının mütəmadi olaraq yenidən rəngləndirilməsi  dövlət orqanının vəzifəsidir. Ancaq, görünməyən zolağı müəyyən etmək, ya da yeraltı piyada keçidindən istifadə etmək bizim vəzifəmizdir, bunu əksi olduğu təqdirdə, cərimə qaçılmaz olmaqdadır. Digər bir sözlə, olması gərəkən yerdə piyada keçidini tənzimləyən nişanın olmaması ya da sıradan çıxması bizim həyatımızı təhlükəyə atarkən buna etiraz etmək bizə haqq qazandırmaz, daş mərmərlərlə bəzədilmiş piyada yeraltı keçidindən istifadə etmədiyimizdə isə cərimələnməmək mümkün deyil. Bəs o zaman nəzərə alınmayan piyada keçidləri, işıqforlar üçün biz kimə cərimə yazmalıyıq ? Bax elə bu zaman insan həyatı ilə daş mərmərlərin dəyəri ortaya çıxır. Görünür elə bu səbəbdəndir ki, ölmüş insanın məzarını daş mərmərlə bəzəyirik ki, təmtəraqlı olsun, gözü arxada qalmasın. Bu ölkədə daş mərmərlər insan həyatından daha dəyərlidir.

pıyayayaŞəhərin mərkəz və mərkəzə yaxın yerlərində yerləşən piyada keçidlərinin hər birində  hər gün ortalama olaraq 40 insan cərimələnir. Xatırladaq ki, 2016-cı il 1-7 avqust aralığında 68 min piyada cərimələnmişdir. Bu isə gündəlik orta hesabla ən az 7 min piyada deməkdir. Bizim hesablamada isə günlük 1000 piyada nəzərə alınmış və hesablamalar buna görə müəyyən edilmişdir. Gündəlik olaraq 800 AZN (40*20/ faiz diqqətə alınmamışdır) edən bu miqdar tək bir keçiddən ayda 24000 AZN- ə bərabərdir. 2015-ci il yanvarın 1-i  məlumatlarına görə ölkədə orta aylıq əmək pensiyası 173 AZN təşkil etmişdir. Təkcə Bakı şəhərində 25 yeraltı keçidin olduğunu qəbul etsək (24000*25) bu aylıq olaraq 600.000 AZN – ə bərabər olur. Demək ölkə ərazisindəki 3468 (600.000 / 173) nəfər pensiyaçı təkcə Bakıdakı yeraltı keçidlərdən düzgün istifadə edilməməsi nəticəsində elə əhalinin özündən cərimələnmə ilə yığılan pullarla təmin edilir. Digər bir hesablamaya görə minimum əmək haqqının 136 manat olduğunu nəzərə alsaq 4.411 (600.000 / 136) nəfər hər ay bu cərimələnmə nəticəsində aylıq “0” manat gəlir əldə etmiş olacaqdır. Yəni, minimum əmək haqqı ilə yaşayan 4.411 nəfər bu cəriməyə tuş gələcəyi təqdirdə ya ac qalacaq, ya da sözün hər iki mənasında yaşamaq üçün bir başqa yol axtaracaqdır. Yəni, Bakı şəhəri yeraltı piyada keçidlərindən bir ayda toplanan cərimə miqdarı 4.411 nəfərə yaşam üçün kifaət edən məbləğdir. Xatırladaq ki, bəhsedilən cərimə minimum əmək haqqının 14.7 faizini təşkil edir. Müqahisə üçün qonşu ölkə Türkiyə ilə kiçik bir qarşılaşdırma edək. Bildiyimiz kimi Türkiyədə minimum əmək haqqı 1300 TL-dir və onun 14.7 faizi 182 TL, digər bir sözlə 94 manat 60 qəpikdir. Qarşılaşdırmadan görüldüyü kimi 182 TL, ya da 94 manat 60 qəpik kobud qayda pozuntusu sayılmayan bəhsolunan qayda pozuntusu üçün kifaət qədər yüksək məbləğdir. Əlbəttə bu qayda pozuntusu nəticəsində ödənilən 20 AZN – nin TL qarşılığı 38 dir və bu o qədər də yüksək məbləğ deyildir. Ancaq, müqahisə üçün ölkənin minimum əmək haqqı böyüklüyü, ya da cərimənin minimum əmək haqqı içində tutduğu % payına diqqət etmək önəmlidir.

Bəs görəsən minimum əmək haqqı azdır, yoxsa cərimələr yüksəkdir ?

Hər halda bu cərimələrin mənfi təsiri ilə bərabər müsbət və tərbiyyəvi əhəmiyyəti də vardır. Bir neçə il sonra daha xoşagəlimli mənzərələrlə qarşılaşacağımıza ümid edirik.

Elgün Oruclu