Londonun mərkəzində hücum: Somali əsilli bir nəfər həbs edilib

Londonun mərkəzində, Russell Meydanında baş verən bıçaqlı hücumda ABŞ-dan bir qadın ölüb, 5 nəfər yaralanıb.

Çərşənbə günü yerli vaxtla saat 22:33-də polisə bir kişinin insanlara bıçaqla xəsarət yetirməsi haqda məlumat daxil olub.

Bıçaq xəsarəti alan 60-dan çox yaşı olan qadına hadisə yerində yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

İnsanlara bıçaqla hücum edən, 19 yaşlı oğlan hadisə barədə məlumat daxil olandan 6 dəqiqə sonra yaxalanıb. Bunun üçün polis elektroşokdan istifadə etməli olub.

Saxlanılan şəxsin Somali əsilli Norveç vətəndaşı olduğu deyilir.

Polisin bildirdiyinə görə radikallıqla bağlı heç bir sübut yoxdur.

Kriminal mütəxəssislər hadisə baş verən ərazidə təhlillər aparır

Londonun meri Sadiq Khan əhalini “sakit və sayıq” olmağa səsləyib.

Metropolitenin xüsusi əməliyyatlar üzrə komissar köməkçisi, Mark Rowley deyib ki, hücumla bağlı terrorizmlə mübarizə bölməsinin əməkdaşları ilə birgə araşdırma aparılır.

O, psixoloji durumun baş vermiş hadisədə “əhəmiyyətli amil” olduğunu deyib.

Bıçaqlı hücumla bağlı polis əraziyə girişi məhdudlaşdırıb
Bıçaqlı hücumla bağlı polis əraziyə girişi məhdudlaşdırıb
Image captionMetropoliten polisi ölən qadın haqqında yaşından başqa hər hansı ətraflı məlumat vermir

BBC-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə ərazi mühasirəyə alınıb və çoxlu sayda polis var. Britaniyalıların təhlükəsizliyini qoruma qüçün Southampton Row-da adi günlərdən fərqli olaraq daha çox polis keşik çəkir.

Anonimlik şərtilə danışan şahidlərdən biri deyir ki, hücumda şübhəli bilinən şəxs təqib olunduqdan sonra eletroşokla vuruldu. Onun sözlərinə görə polis “bərk qışqıran” şəxsə təkrarən “dayan, dayan, dayan” deyirdi.

Hücum edən gəncin əlbir olduğu şəxslərin olub-olmadığı haqqında polis hələlik dəqiq məlumat verə bilmir.

Londonun turistik mərkəzlərdən biri olan Russell Meydanı lentlə mühasirəyə alınıb

Russell Meydanı Britaniya Muzeyi, bir sıra məşhur otellərin yerləşdiyi Londonun turistik mərkəzlərindən biridir.

Ötən günlərdə London küçələrində terror hücumu təhlükəsi səbəbindən silahlı patrulların sayının artırılacağı da elan olunmuşdu.