“Manatın dəyərdən düşməsi prosesinin daha da sürətlənəcəyi çox realdır”.

İqtisadçı Nemət Əliyev Facebook səhifəsində manatın ucuzlaşması haqda fikirlərini bölüşüb. O, bildirib ki, hazırda kommersiya banklarında dolların alış-satış qiyməti 1.62-1.65 manat arasında dəyişir.

N.Əliyev qeyd edib ki, Mərkəzi Bankın yanlış pul-kredit, o cümlədən məzənnə siyasəti daxili bazarlarda böyük çəkiyə malik olan idxal mallarının bahalaşması zərurətini yaradıb: “Bundan sonrakı dövrdə manatın dəyərdən düşməsi prosesinin daha da sürətlənəcəyi çox realdır”.

Nemət Əliyev
Nemət Əliyev.

N.Əliyev yazıb ki, qeyd edib ki, milli valyutanın hər gün dəyər verməsi dövriyyədə olan, yəni sahibkarların, fiziki şəxslərin, müəssisə və təşkilatların istifadəsində olan kredit resurslarının alıcılıq qabiliyyətini də hər gün aşağı salır və bu hesabla ölkədə ümumi işgüzarlıq səviyyəsini nəinki olduğu kimi saxlamaq mümkün olacaq, əksinə, bu səviyyə daha da aşağı düşəcək.

“Bu proses yerli və xarici investorları da Azərbaycanda fəaliyyət göstərməkdən çəkindirəcək ki, bu da yerli istehsala əlavə zərbə vuracaq. Xarici valyutada kredit borcu olanların borc yükü məzənnə dəyişikliyi səbəbindən daha da artacaq. Bankların milli valyuta ilə kredit verməsi bundan sonra da çətinləşəcək”,-deyə Əliyev bildirib.

Mərkəzi Bankın avqustun 3-nə olan rəsmi valyuta məzənnəsinə görə 1 dollar 1.5915 manatdır. N.Əliyev yazıb ki, son 2 ay 10 gün müddətində manat 7-9 faiz dəyərini itirib.