Xatırladaq ki, beynəlxalq “Moody’s” agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunda 2017-ci ildə iqtisadi artımın sıfıra düşəcəyini proqnozlaşdırıb. Bir çox yerli ekspertlər “Moody’s” agentliyinin proqnozunu ciddi qəbul etməyərək, iqtisadi geriləməni neftin qiyməti ilə əlaqələndiriblər və iqtisadi artımın sıfıra düşməyəcəyini vurğulayıblar. Buna baxmayaraq maliyyə sektorundakı vəziyyət təşviş yaratmaqdadır. Təkcə onu demək yetərkidir ki, bir neçə gün əvvəl ölkədə 4 bank bağlanıb.
Mövzu ilə bağlı pia.az-ın əməkdaşı sabiq deputat, Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli müraciət edib.
Nazim Bəydəmirli: “Əmanətçilərin banka etibarı azalıb. Bir neçə ay ərzində 2milyard manatdan çox vəsait geri götürülüb”.
Ekspertin fikrincə, “Moody’s” agentliyin rəyi tamamilə reallığı əks etdirir. Neftin qiymətinin aşağı düşməsi Azərbaycandakı ÜDM-ü kəskin surətdə azaldıb. Bu da qeyri- neft sektorunun inkişaf etdirilməsi üçün zərurət yaradır. Bank sektorunda baş verən hadisələrə də münasibət bildirən ekspert bankların Mərkəzi Bankın qoyduğu tələbləri yerinə yetirə bilməməsi nəticəsində bağlandığının qeyd edib:
“Əslində “Moody’s” agentliyi ölkənin kredit reytinqini açıqlayan zaman bir çox hədəfləri nəzərə alır. Əgər reytinq göstəriciləri aşağı düşürsə, bu ölkəyə kredit cəlb edilməsi ilə bağlı problemlər yarana bilər. Mənə elə gəlir ki, hökumət daha çox qeyri-neft sektorunu inkişaf etdirməkdə israrlı olmaldır. Qeyd etdiyim kimi rəqabət mühiti daha da artırılmalıdır. Məmur özbaşınalığı azaldılmalıdır ki, biznes mühiti normal olsun. Hazırda dövlət qeyri-neft sektoruna sərmayə qoyur. Çünki neftin qiymətinin alternativ enerjilər hesabına aşağı düşəcəyi çoxdan proqnozlaşdırılıb və qarşıdan gələn illərdə neftin qiyməti daha da aşağı düşəcəyi ehtimalı böyükdür. Təbii ki, neftdən əldə olunangəlirlərin yerini az vaxtda qeyri-neft sektorundan əldə olunan gəlirlərlə doldurnaq mümkün deyil. Və əgər neftin qiyməti yenə aşağı düşəcəksə, Azərbaycanda ÜDM-ın azalması gözləniləndir. Bu üzdən mən beynəlxalq reytinq agentliklərinin proqnozları ilə razıyam.
Təbii ki, maliyyə sektoru dedik də ağıla ilk öncə bank sektoru gəlir. Son bir neçə gündə bir neçə bankın bağlanması, lisenziyalarının geri çağrılması ona deməyə əsas verir ki, bankların ümumi vəziyyəti Mərkəzi Bankı qane etmir. Yəqin ki, nikbinlik səviyyəsi aşağıdır. Mərkəzi Bankın məcbur kapitalın artırılması ilə bağlı qoyduğu tələblər yerinə yetirilməyib. Bank sektorunda gedən böhran davam edəcəksə, bunun Azərbaycan iqtisadiyyatına mənfi təsirləri olacaq. Bu qaçınılmazdır və birmənalıdır.
Ən böyük problemlərdən biri isə əmanətçilərin banklara olan etibarının azalmasıdır. Təkcə onu demək kifayətdi ki, bir neçə ay ərzində banklardan 2 milyard manatdan çox əmanət geri götürülüb. Dollarlaşma prosesi artıq kritik səviyyədədir, 80% -dən yuxarıdır. İnsanlar manata etibar etmir. Devalvasiya olacağı haqqında verilən bədbin proqnozlar insanları daha aktiv olaraq özlərində olan vəsaitləri dollara çevirməyə məcbur edir. Bu da kursa mənfi təsir göstərir. Nə etməli, sualına gəldikdə isə, yenə təkrar edirəm ki, Azərbaycan maliyyə qurumlarında saxladığı vəsaitlərin bir hissəsini banklara depozit şəklində yatıtmalıdır. Və onun bank sektoruna kredit şəklində verilməsini təmin etməlidir.Bu həm iqtisadi fəallığı artırar, daha sərfəli kredit üçün şərait yaradar və banklara etibarı artırar”.