Münhendə 9 nəfəri öldürmüş kişi kütləvi atəşlərdən tədirgin olub və norveçli kütləvi qatil Anders Behring Breivik-lə aşkar əlaqəsi olub, Almaniya polisi bildirib.
18 yaşlı hücumçunun evində axtarış edən polislər deyir ki, evdən hücumlar barədə yazılı materiallar tapıblar.
Rəsmi təsdiqlənməsə də, qonşuları onun David Sonboly olduğunu deyib.
Özünü də öldürmüş Münhen sakini olan kişi 9mm Clock tapançası və 300 güllə ilə silahlanmışdı.
Polis indi onun Facebookda yaradılmış tədbirlə öz qurbanlarını seçməsi iddiasını yoxlayır.
Şübhələr var ki, o saxta qız hesabı ilə qurbanlarını hücumu başladığı McDonald restoranına dəvət edib.
Cümə günü axşamı Olympia ticarət mərkəzində atəş hücumu nəticəsində həmçinin 27 nəfər yaralanıb.
Breivik kimdir?
Norveçli Anders Behring Breivik 2011-ci il iyulun 22-də Osloda bomba ilə 8 nəfəri öldürdükdən sonra sağçı gənclər üçün yay düşərgəsində 69 nəfəri güllələyib.
Hazırda 37 yaşı olan Breivik 2012-ci ildən bəri ona verilmiş 21 illik həbs cəzasını Norveçdə təcridxanada keçirir.
Bu yaxınlarda o, saxlanma şərtləri ilə bağlı məhkəməni udub.
O bildirmişdi ki, onun hücumu Avropada müsəlman axının dayandırmaq məqsədilə olub.
Breiviklə hansı əlaqə var?
Münhen polis rəisi Hubertus Andrae deyir ki, bu hücumla Breivikin hücumu arasında “aşkar” əlaqə budur ki, cümə günü Breivikin hücumunun 5 illiyi idi.
Münhen prokurorluğunun sözçüsü Thomas Steinkraus-Koch bildirib ki, qatilin psixiatrik müalicə gördüyü güman edilir.
“Güman edirik ki, o depressiyadan əziyyət çəkib,” o bildirib.
“Bildiyimiz qədər o əvvəl kriminala görə tanınmayıb. 2010 və 2012-ci illərdə o hücum qurbanı olub – birində 3 gənc tərəfindən döyülüb.”
Cənab Andrae xəbərdarlıq edib ki, yaralıların sayı çox da ola bilər. “10 nəfər ciddi xəstədir”, o bildirib.
Qurbanlar
Ölənlərdən yeddisi yeniyetmələrdir. Qurbanların üçü Kosovodan, üçü Türkiyədən və biri Yunanıstandan idi.
Polis bildirib ki, hücumçu depressiyadan prixartik xəstəxanada müalicə alıb.
Onun bu hücumu etmə səbəbləri hələlik bəlli deyil.
Polis hadisəni foto və videoya çəkmiş Münhen sakinlərindən görüntüləri xüsusi hesaba yükləmələrini istəyib.
Matəm elan edilib
Bu, son 8 gündə qərbi Avropada baş vermiş üçüncü zorakı hadisədir.
Daxili işlər naziri Thomas de Maiziere həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq bütün ölkədə bayraqların endirilməsinə sərəncam verib.
Kansler Angela Merkel isə Alp dağlarında keçirməli olduğu məzuniyyətini təxirə salaraq şənbə günü milli təhlükəsizlik iclası keçirəcək.
Rəsmilər bildirir ki, dünənki hücumdan şok keçirmiş münhenlilər üçün artıq həyat normala qayıdır. Atışmadan sonra bağlanmış nəqliyyat xidməti gecədən fəaliyyətə başlayıb. İnsanlar Olympia ticarət mərkəzinin qarşısına çiçəklər qoyur və şam yandırırlar.
Hücum necə baş verib?
Hücum barədə ilk məlumat cümə günü Bakı vaxtilə 19.00-dan öncə gəlib.
Şahidlərin sözlərinə görə, hücumçu Hannover küçəsində insanlara atəş açdıqdan sonra ticarət mərkəzinə daxil olub.
Paylaşılmış bir videoda bir kişinin McDonald restoranının qarşısında insanlara atəş açdığı və insanların qaçdığı görünür.
Digər bir videoda isə onun açıq damdan atəş açdığı görünür. O bir yerdə “Mən almanam” deyir.
Həmin vaxt ticarət mərkəzində olan Luan Zequiri N-tv kanalına bildirib ki, hücum edən şəxs hərbi çəkmə geyinibmiş və bel çantası olub.
“Mən ona tərəf baxırdım. O pilləkənda iki nəfəri vurdu,” Zequiri danışıb.
Cənab Zequiri deyir ki, o mağazada gizlənib və hücumçu getdikdən sonra ətrafda ölən və yaralananlar görüb.
Hücumçü kimdir?
18 yaşlı hücumçunun adı hələlik açıqlanmır. O iki ildən çoxdur ki Münhendə yaşayıb, polis açıqlayıb.
Onun cəsədi ticarət mərkəzindən 1 km uzaqlıqda tapılıb.
Münhen polis rəisi Hubertus Andrae gecə jurnalistlərə deyib ki, hücümçunu polis tanımır və hər hansı qiyamçı qrupla əlaqəsinin olub-olmadığı da bilinmir.
Bazar ertəsi günü mühacirət etmiş əfqanıstanlı bir kişi Bavariyada qatar sərnişinlərinə balta ilə hücum edəndən sonra təhlükəsizlik işçiləri yüksək həyəcan vəziyyətinə gətirilib.
Hakimiyyət bundan sonra digər hücumların mümkünlüyü barədə xəbərdarlıq etmişdi.