Əgər məqsəd bir ailənin hakimiyyətini daha da möhkəmləndirməkdirsə, yanlış yoldur
REAL yaranan gündən həmişə sistem dəyişikliklərinin labüd olduğunu deyib, hər dəfə iqtisadi islahatların siyasi və idarəetmə islahatları olmadan mümkünsüzlüyündən danışıb. Prezident Ana Yasamızı dəyişmək istəyir, yeni təkliflər verib, təkliflərin bir çoxu de-fakto tədbiq edilənlərin de-jure rəsmiləşdirilməsidir və o qədər də önəmli deyil. Önəmli olan Milli Məclis və vitse-prezidentlərlə, prezidentin seçki yaşı ilə bağlı məsələlərdir. İlk öncə sual yaranır: İlk baxışdan hər şeyin sabit olduğu, sakit axdığı bir zamanda hansı zərurətdən belə təkliflər doğub, bu sual açar sualdır: 1) İqtisadi tənəzzül hələ özünün pik nöqtəsinə, dağıdıcı effektinə çatmayıb, bir müddət sonra bütün daxili resurslar tükənəcək, bank sistemi çökəcək, xarici və daxili investorlar ölkədən tam əlini üzəcək, milli valyutanın ucuzlaşması, əhalinin gəlirlərinin azalması, iş yerlərinin qapanması sonda ölkədə ciddi qıtlığa səbəb olacaq. İlkin təlabat mallarınınidxalından o qədər asılıyıq ki, bir müddət sonra nə o malları alıb gətirməyə valyuta olacaq, nə də gətirilən malları ölkə içində almağa qadir olan vətəndaşlar. Bu isə həm xarici ticarət dövriyyəsini aşağı salacaq, həm də əhalinin yoxsullaşmasını sürətləndirəcək, 2) Ölkədə “yağlı tikə”, “kremli tort”, yəni, büdcə və neft pulları hesabına dolanışıq modeli tükənib, “piroq” azalıb, Azərbaycanda aşağıdan yuxarıya siyasi loyallıq ideoloji deyil, heç vaxt da olmayıb, bütün loyallıq iqtisadi maraqlar və korrupsiya ilə təmin edilib. Ölkədaxili klanlar hakimiyyəti məhz maddi maraqlarının təmin edilməsinə görə dəstəkləyiblər. İndiki dövrdə “piroq” azalanda, onu “yemək” istəyənlərin daxilində ciddi çəkişmələr yaranıb-yaranacaq da, azalan “piroqdan” hər kəs daha çox pay qoparmağa, başqasının payını yeməyə çalışacaq, 3) Prezidentin öz komandası, güvəndiyi insanlar yoxdur, ona görə də, nəzarəti və salahiyyəti artırmaq yolu ilə klanlararası çəkişmələri tam nəzarətə götürmək istəyir, amma indi zaman səlahiyyətlərin və məsuliyyətlərin bölüşmə zamanıdır. Yəni, indi məntiqli olan odur ki, ölkədə güllük-gülüstanlıq olanda o bir nəfərin zəfəri idisə, problemlər dönəmində məsuliyyətin bölüşdürülməsi daha məntiqlidir. Dəyişikliklərin bir mənası da tam şəxsi nəzarəti gücləndirməklə məsuliyyətin bölüşdürülməsi cəhdidir. Amma belə olmur, məsuliyyət o zaman bölüşdürülür ki, səlahiyyətlərin də bölgüsü baş verir. Təklif olunan dəyişikliklərdə məsuliyyətin bölüşməsi var, amma səlahiyyətlərin bölüşməsi yoxdur ki, bu da işlək bir model ola bilməyəcək.
Zəruri olanlar. Təkliflər sistemin daşlarını yerindən oynadır, bu yaxşıdır, niyyət yaxşı olsa, bu təklifləri təkmilləşdirmək olar, siyasi islahatlara başlamaqla iqtisadi fəlakətin qarşısını almaq olar. Bunun üçün məsuliyyət və səlahiyyətlər adilcəsinə bölüşdürülməlidir: 1) Prezidentin səlahiyyətləri azaldılmalı, 2) Parlament Respublikasına keçid elan edilməli, 3) Maliyyə amnistiyası tədbiq edilməli, 4) Prezident və ailəsinə gələcəkləri ilə bağlı tam zəmanət verilməli, 5) Milkiyyət toxunulmazlığı və qanunun aliliyi təmin edilməlidir.
Nəticəsi. Ana Yasamızı dəyişiriksə, ağılla, gələcəkdə uğurlu idaəetmə modelinə keçid üçün dəyişməliyik. Əgər məqsəd bir ailənin hakimiyyətini daha da möhkəmləndirməkdirsə, yanlış yoldur, bu dəyişikliklər, tam tərsi, hakimiyyətlərini ciddi zəiflədəcək, azalan “piroq” uğrunda, vitse-prezidentliklər uğrunda klanlanarası savaşı daha da dərinləşdirəcək.
Epiloq. Bir çoxumuz bu dəyişikliklərin əsas səbəbinin gələcəkdə Ailədən birinin hakimiyyətə gətirilməsinin olduğunu yazır-deyir. Gəlin sizə bir hadisə danışım: 80-ci illərin sonunda atamın 8-ci km tərəfdə dəmirdən, bütün sənərləri qaydasında olan kiçik bir mağazası var idi. Atam o mağaza ilə həm ailəmizi, həm də havayı yeyən məmur tayfasını dolandırırdı. Sonradan ətrafında “marketlər”, daha sonra isə “super marketlər” açılmağa başladı. Atam həmin dükanı satmağa qərar verdi, çünki alver yox idi, hər gün bir problem çıxırdı, gah damı axıdırdı, gah elektrik sistemi sıradan çıxırdı, gəlir az, məmur tayfasının iştahı isə artırdı. Qohumlar ona, “2 oğlun var, satma, onlara qalsın”, deyə məsləhət verirdilər. Atam isə cavab verirdi ki, mən oğlanlarımı çox sevirəm deyə, onlara belə problemli obyekt saxlaya bilmərəm, istəmirəm ki, onlar da əziyyət çəksinlər. Nə isə, obyekt ucuz qiymətə satıldı, bir neçə ildən sonra məlum oldu ki, iri məmurlardan biri həmin dükanın sənədlərinin yerində olduğuna baxmayaraq, əraziyə gözü düşüb, dükanı sökdürüb, yiyəsinə heç bir kompensasiya verməyib, yerində özünə iri bir obyekt tikib. Bu hadisədən sonra hamı atamın doğru addım atdığını anladı.
İndi ölkə həmin o dəmir mağazanın günündədir: Obrazlı desək, damı axıdır, yeyib-doymayanlar ordusunun iştahı azalmır, kommunal problemləri artır – alver isə ölüb. Heç bir valideyn belə “obyekti”, bu qədər problemi öz övladına yükləmək istəməz. “Obyekti” vermək üçün onu təmir etmək, problemlərini həll etmək lazımdır. Problemlərin həlli yolu isə demokratiyadan, hüququn üstünlüyündən, mülkiyyət toxunulmazlığından, azad rəqabətdən, idarəetmə islahatlarından və ən əsası – məsuliyyətin və səlahiyyətlərin adil bölgüsündən keçir.