“Konstitusiyaya yeni dəyişikliklər çox mürtəcedir. Bu dəyişikliklər prezident hakimiyyətinin birbaşa möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının ciddi pozuntularına gətirib çıxarcaq”.
Bunu Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər BaxışovKonstitusiyaya təklif olunan yeni dəyişiklik təkliflərini AzadlıqRadiosuna şərh edərkən bildirib.
Müzəffər Baxışov deyir ki, bu dəyişikliyin yeganə mahiyyəti prezidentə öz hakimiyyətini daha da qüvvətləndirmək və Milli Məclisi buraxmaq səlahiyyəti verilməsidir:
“Əvvəlki Konstitusiyada prezidentin belə bir səlahiyyəti yox idi. Bundan başqa prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyəti aradan qaldırılır. Belə çıxır ki, yaşı az olanlar da prezident seçilə bilərlər. Prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılır. Prezidentin seçilməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılmır. Bununla bağlı heç bir yenilik təsbit olunmur”.
Müzəffər Baxışov deyir ki, dəyişiklik təkliflərindən biri prezidentin Milli Məclisi buraxmaq səlahiyyəti ilə bağldır:
“Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə; prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinə üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən olunmuş müddətdə təyin etmədikdə; Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, prezident Milli Məclisini buraxır. Bu, Milli Məclisin daha çox prezident hakimiyyətinin təsiri altında fəaliyyət göstəməsinə gətirib çıxaracaq. Bunu çox təhlükəli dəyişiklik hesab edirəm”.
Hüquqşünas “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” ifadəsinin insan hüquq və azadlıqlarının daha çox pozulmasına gətirib çıxaracağını deyir:
“Bu da torpaqların geri alınması, insan hüquq və azadlıqların məhdudlaşması deməkdir”.