Azərbaycan xalqını ”təbrik” etməyə dəyər!

Ataxan Əbilov

Hər 5 ildən bir seçki keçirməyin əzab-əziyyəti çox olur

İndi oxudum ki, Prezident Aparatı yeni referenduma start verib. Təklifləri sürətlə gözdən keçirtdim.

Keçən 21 illik təcrübədən (hazırki Konstitusiyanın ilk variantı 1995-ci ildə qəbul edilib) bilirik ki, belə referendumlarda adətən əsas hədəf bir məsələ olur. Bunu qabartmamaq və pərdələmək üçün həmin məsələyə bir sıra digər məsələləri də qoşurlar.

Yeni referendum təşəbbüsündə də mahiyyət ssenarisinin eyni olmasına şübhə etmirəm. Məlumdur ki, Azərbaycanda Konstitusiya ölkə başçısının əlində özünün istək və arzularını reallaşdırmaq üçün bir alətə çevrilib. Referendumların əsas hədəfi də bir qayda olaraq məhz prezidentlik institutula bağlı olur.

Ona görə də yeni referendum təşəbbüsünün əsas məqsədini tapmaq üçün Prezident institutu ilə bağlı normaları nəzərdən keçirtməli olacam. Bu institut Konstitusiyada 99 – 124-cü maddələri əhatə edir. Fürsəti əldən vermədən həmin maddələr üzrə təklif edilən dəyişilikləri axtarmağa başlayıram. Təklif edilən Referendum aktının 20-ci bəndindən etibarən Konstitusiyanın qeyd edilən 99 – 124-cü maddələrə dəyişiliklər təklif edilir.

Referendum Aktı istəyir ki, Konstitusiyanın 100-cü maddəsində (Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər) “yaşı otuz beşdən aşağı olmayan” sözləri çıxarılsın. Onda həmin maddə yaxın gələcəkdə belə olacaq: “Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər”. Yəni artıq yaş məhdudiyyəti olmayacaq. Nəzəri baxımdan 15 yaşında orta təhsilini başa vuran, artıq 19 yaşında ali təhsilə malik olan AR vətəndaşı prezident seçilə bilər. Əbəlli-başlı reklam çarxıdır. Elə deyilmi?

Refendum Aktın 21-ci bəndi hələlik xala xətrin qalmasın deyə təklif edir ki (hesab edin ki, bu artıq bir neçə ayda konstitusion norma olacaq), Konstitusiyanın 101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”.

Bilirsinizmi o normada söhbət nədən gedir? Elə isə baxaq: “Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir”.

Bir neçə aydan sonra, bəzi formal prosedurlardan sonra isə həmin norma belə olacaq: “Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”.

Mənə referendum keçirdənlərin istəyi məlum oldu. Hər 5 ildən bir seçki keçirməyin əzab-əziyyəti çox olur. Bunun qarşısını almaq üçün 5 illik müddətin 7 illiklə əvəz edilməsi çox rahat variantdır.

Məncə, yerdə qalan təkilifləri tələm-tələsik müzakirə etmədən də keçinmək olar. Bir dəfə səsvermə qutusuna yaxınlaşmaqla özünə 7 illik prezident seçmə imkanı qazanan Azərbaycan xalqını isə tələm-tələsik “təbrik” etməyə dəyər!