“Bu hakimiyyətə “Beynəlxalq təzyiqlər edildi X.İsmayılı azadlığa buraxıldı. Əvəzində digər fəallar həbs oldu.

 

İyulun 14-də ABŞ Konqresində dinləmələr keçirilib

İyulun 14-də Amerika qanunvericiləri və hüquq-müdafiə qrupları avtoritar hökumətləri fərqli fikirə qarşı dözümsüzlükdən imtina etməyə, vətəndaş və mətbuata təzyiqlərə son qoymağa çağırıblar.

“Heç bir ölkə söz azadlığı hüququnu pozmaqla davamlı sabitliyə nail ola bilməz”, – konqresmen, insan hüquqları üzrə komissiyanın sədri Cim Makqovern iyulun 14-də ABŞ Konqresində təşkil olunan dinləmələrin açılış çıxışında deyib.

Konqresmen belə ölkələr sırasında Azərbaycanın da adını çəkib: “Bu ölkə hakimiyyəti “beynəlxalq təzyiqlər altında jurnalist Xədicə İsmayılı azadlığa buraxdı. Lakin eyni zamanda digər fəallar həbsə alınıb, həbsdə başqa jurnalistlər də var”, – deyə Cim Makqovern bildirib.

Dinləmələr zamanı əsas diqqət hökumət senzurasına yönəlib.

Beynəlxalq dini azadlıq komissiyasının sədri Tomas Riz deyib ki, hakimiyyət vicdan azadlığı ilə mübarizədə dini ekstremizmlə mübarizədən istfadə edir.

Ətraf mühitin mühafizəsi komissiyasının həmsədri Co Pitts bildirib ki, “Freedom House” təşkilatının məlumatına görə, dünyada mətbuat azadlığı son illər ən aşağı həddə enib: “Bu, KİV-i susdurmağa və ya onu öz maraqlarına tabe etdirməyə çalışan “siyasi, kriminal və terrorçu qüvvələr”in təzyiqilə baş verib.

“Freedom House” təşkilatının nümayəndəsi Vanessa Taker deyib ki, mütəşəkkil cinayətkarlıq və korrupsiya mövzusunda yazılar və jurnalist araşdırmaları jurnalistlərin həyat və sağlamlığı üçün əsas təhlükədir: “Qanunun aliliyi olmayan ölkələrdə risk xüsusilə yüksəkdir. Korrupsiya haqqında yazılar jurnalistlərin döyülməsinə, həbsinə, ölümünə səbəb olur”.

Tədbir iştirakçıları dünyada söz azadlığının effektiv müdafiəsi məsələsində ABŞ hakimiyyəti üçün tövsiyyələr hazırlayıb.

“Biz ABŞ hökumətində bütün səviyyələrdə siyasətçiləri açıq və fərdi qaydada ifadə azadlığı hüququnun müdafiəsinə, söz azadlığını məhdudlaşdıran qanunlarda islahatlara, ifadə azadlığına görə həbs edilən şəxslərin buraxılmasına səsləməyə çağırırıq”, – PEN klubun nümayəndəsi Karen Karlekar bildirib.