Beynəlxalq təşkilatlardan bütün siyasi məhbuslara bərabər yanaşma istənilir

turmeBeynəlxalq təşkilatlardan bütün siyasi məhbuslara bərabər yanaşma istənilir

Azərbaycanda repressiyaya məruz qalmış şəxslər, o cümlədən siyasi motivlərlə həbs olunanlar və beynəlxalq hüquq-müdafiə təşkilatlarının onlara münasibəti barədə ABŞ mediasında məqalə dərc olunub. “Eurasianet.org” saytında yayımlanmış “Fəallar deyir ki, Azərbaycanda daha çox tanınmış siyasi məhbuslara diqqət göstərilir” başlıqlı məqalədə siyasi məhbuslara ikili münasibətdən bəhs olunur. Məqalənin tərcüməsini təqdim edirik:

Azərbaycandakı bəzi fəallar bildirirlər ki, “Amnesty International” və başqa beynəlxalq insan haqları təşkilatları siyasi məhbuslar üçün ikili sistem yaradıblar. Bu da o qədər məşhur olmayan hökumət tənqidçilərinin azadlığa çıxmaq şansını azaldır.

“Görünür, onlar ancaq ulduz siyasi məhbusların işləri ilə məşğul olmaqda maraqlıdır”, – vəkil Yalçın Imanov deyir.

Yalçın Imanov həbsdə olan Azərbaycan Islam Partiyasının sədri Mövsüm Səmədov, müxalif fəal Asif Yusifli və digər hökumət tənqidçilərinin müdafiəçisidir.

“Nəticədə bir neçə proses istisna olmaqla, qanunsuz həbslər, ədalətsiz cəzalandırmalar görməzdən gəlinir. Xüsusilə də müxalifət partiyalarının üzvləri, dini fəallar beynəlxalq təşkilatlar tərəfindən yada salınmır”, – Yalçın Imanov bildirib.

“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı azərbaycanlı vicdan məhbuslarının siyahısına cəmi 14 nəfərin adını daxil edib: blogger və sosial şəbəkə fəalları: Əbdül Əbilov və Elvin Kərimov; blogger Rəşad Ramazanov; müxalif jurnalist Seymur Həziyev; müxalif siyasətçi Fuad Qəhrəmanlı, Fərəc Kərimov və Ilqar Məmmədov; müxalif gənc fəal Elvin Abdullayev və Murad Ədilov; siyasi fəal Ilkin Rüstəmzadə; müxalif jurnalistin qohumları Rövşən Zahidov və Rüfət Zahidov; eks-prezident Heydər Əliyevin heykəlinə qraffiti çəkən solçu aktivist Qiyas Ibrahimov və Bayram Məmmədov.

Digər beynəlxalq təşkilatlar isə “siyasi məhbus” siyahısını daha da ümumiləşdirir. Bu siyahılarda onların sayı qat-qat çox göstərilir.

Norveç Helsinki Komitəsi Azərbaycandan 75 nəfəri siyasi məhbus olaraq tanıyır (onların 76 faizi dini fəallardır).

Mənzil-qərargahı Vaşinqtonda yerləşən “Freedom House” təşkilatı mart ayındakı yeni siyahısında Azərbaycandakı siyasi məhbusların sayını 80 nəfər göstərib.

Nyu-Yorkda mənzillənmiş digər məşhur beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” ümumiyyətlə, “siyasi məhbus” və “vicdan məhbusu” terminlərindən istifadə etmir. Təşkilatın Cənubi Qafqaz üzrə direktoru Georgi Qoqia bildirir ki, onlar “siyasi motivlərlə mühakimə və həbs olunma” termininə üstünlük verir.

“Kriteriyalar müəyyən edilərkən məhbusların həbsdən əvvəlki fəaliyyətləri nəzərdən keçirilir. Irəli sürülən ittihamlar və həbs şərtləri; məhkəmə-prosedur qaydalarına riayət; adekvat cəza və ədalətli mühakimə standartlarına uyğunluq nəzərə alınır”, – Georgi Qoqia deyib.

“Amnesty International”ın kriteriyaları onlayn olaraq yayımlanmır. Bu vəziyyət təşkilatın siyahısında olmağın azadlığa çıxmaq üçün daha böyük şans yaradacağına inanan məhbus ailələrində məyusluq yaradır.

“Biz onları ikili standartlarda ittiham etmirik, ancaq soruşmaq istərdik ki, hansı kriteriyalara əsasən, onlar hələ də bir çox siyasi məhbusları vicdan məhbusu kimi tanımır? Bəziləri isə bu statusu dərhal əldə edir”, – AXCP-nin mətbuat katibi Natiq Ədilov deyib.

Bu yaxınlarda “Amnesty International” onun qardaşı, AXCP-nin həbsdə olan gənc aktivisti Murad Ədilovu “vicdan məhbusu” kimi tanıyıb.

“Amnesty International”ın Qafqaz təmsilçisi Levan Asatiani bildirir ki, məhbusların statusunu təyin etmək bəzən uzun müddət tələb edir: “Bunun üçün həbslər diqqətlə analiz olunmalı, faktların doğruluğu araşdırılmalıdır. Məhdud resurslar ucbatından həmişə bütün işlərə ayrıca diqqət yetirə bilmirik”.

2015-ci ildən bəri “Amnesty International”ın ölkəyə girişinə qadağa qoyan Azərbaycan hökuməti isə təkidlə bildirir ki, ölkədə heç bir siyasi məhbus yoxdur. Təşkilat bununla bağlı Azərbaycan tərəfinə sorğu göndərsə də, hələ də heç bir cavab almayıb.

Keçmiş vicdan məhbusları Rəsul Cəfərov və araşdırmaçı jurnalist Xədicə Ismayılova hökuməti tənqid etdiyinə görə həbs olunanlara beynəlxalq diqqətin artırılması üçün çağırışlar edib.

68 siyasi məhbusun siyahısını tərtib edən Azərbaycan vətəndaş cəmiyyəti aktivisti Rəsul Cəfərov deyir: “Biz siyasi məhbuslara qarşı heç-bir ayrı seçkilik etmirik”.

Siyasət şöbəsi