“20 min şəxs 1.2 milyon hektar torpağı əlində cəmləyib. Söhbət dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan gedir. Amma 800 mindən artıq xırda və orta özəl mülkiyyətçinin əlində cəmi 1.4 milyon hektar torpaq sahəsi var”.
İstisadçı ekspert Rövşən Ağayev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) ölkədə kənd təsərrüfatına yararlı torpaqların istifadəsi ilə bağlı yaydığı məlumatları Facebook səhifəsində şərh edib.
R.Ağayev Komitənin yaydığı məlumatlara istinadən yazıb ki, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanası, 6 min hektar torpaq sahəsində 222 qanunsuz balıq gölü yaradılıb: “Ölkə üzrə mövcud olan 1.8 milyon hektar əkin sahəsinin 198 min hektarı (11.3 faizi) istifadə edilməyib. 2008-2009-cu illərdə bir qrup ekspertlə torpaqların hərrac və müsabiqələr vasitəsilə istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə bağlı regionlarda monitorinq apardıq. Məlum oldu ki, bələdiyyə torpaqları üçün o zamankı Torpaq Komitəsinin təşkil etdiyi hərrac və müsabiqələr tamamilə formaldır, torpaqları əvvəlcədən müəyyən etdikləri şəxslərə ötürürlər.
Dövlət torpaqları ilə bağlı ümumiyyətlə hərrac və müsabiqələr keçirilmir, baxmayaraq ki, qanunvericilik dövlət torpaqlarının da məhz hərrac və müsabiqələr vasitəsilə icarəyə verilməsini tələb edir. Dəfələrlə təklif etdik ki, bu məsələdə şəffaf siyahılar olsun – bütün bələdiyyələrin və icra hakimiyyətlərinin qarşısında ictimai torpaqların kimlərə, hansı müddətə verildiyi, hər hektarın icarə haqqı göstərilməklə xüsusi lövhələrdə asılsın. Bələdiyyələrdən fərqli olaraq, icra hakimiyyətlərinin saytı da var, hətta dövlət torpaqları ilə bağlı məlumatları orda da təfsilatlı yerləşdirmək olar. Amma bu təklif 3.5 milyon hektar kənd təsərrüfatına yararlı dövlət torpağını şəxsi mülkiyyəti kimi istifadə edən bir ovuc səlahiyyət sahibinə sərf etmir”.
İqtisadçı yazıb ki, əslində, ömrünü torpağa bağlamış fermerlər əllərindəki 1-2 hektar torpaqdan savayı heç nəyə sahib deyillər: “Onlar istəsələr də dövlət və bələdiyyə mülkiyyətində olan 3.5 milyon hektar torpaq fonduna sahib çıxa bilmirlər. Səbəb həmin torpaqlar üzərində icra başçılarının hakimi-mütləq olmasıdır, hərrac və müsabiqələrin keçirilməməsi və ya, bu prosesin tamamilə formal olamsıdır”.
R.Ağayev hesab edir ki, çıxış yolu kimi, ölkədə əksmərkəzləşmə islahatarına start verilməlidir:” Rayon və kəndlər bir şəxsin qarşısında məsuliyyət daşıyan təyinatlı qurumlar deyil, bir kəndin, bir rayonun icması qarşısında hesabat verən seçkili institutlar olmalıdır”