Ölkədə vəziyyət gündən-günə pisləşir, hökumətin yarıtmazlığı hər addımda özünü göstərir və vəziyyəti dəyişmək üçün heç bir real fəaliyyət yoxdur. Amma buna baxmayaraq hökumət komandasının üzvləri “sürətli inkişaf”, “uzaqgörən siyasət”, “düşünülmüş siyasət” kimi ifadələrdən maksimum istifadə edirlər və sübut eməyə çalışırlar ki, Ilham Əliyev Azərbaycanda cənnət yaradıb. Yəni, xalqa yaşatdıqları cəhənnəmin, əslində cənnət olduğunu qəbul etdirmək istəyirlər.
Amma mənzərə o qədər şəffafdır ki, Ilham Əliyevin uzaqgörənliyindən, uğurlu siyasətindən danışmaq ironiya ilə qarşılanır. Belə ki, Ilham Əliyevin prezident olduğu dövrdə xeyli təyinatlar olub. Icra başçıları, nazir müavinləri, nazirlər iş başına gətirilib. Təbii ki, bu təyinatların heç biri özünü doğrultmayıb və vəzifəyə gələnlərin heç biri cəmiyyətdə nüfuz sahibi olmayıb. Biz xırda təyinatlar, çirkli fəaliyyəti ilə gündəmə gələn xırda vəzifəlilər haqqında yazmayacağıq. Ilham Əliyevin şəxsən təyin etdiyi və onun hakimiyyəti dövründə parlayıb üzə çıxan 4 nazir təyinatına diqqət çəkəcəyik.
Bəli, Ilham Əliyev “uzaqgörən” və “düşünülmüş” şəkildə Eldar Mahmudovu Milli Təhlükəsizlik naziri, Oqtay Şirəliyevi Səhiyyə naziri, Füzuli Ələkbərovu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Mikayıl Cabbarovu isə Təhsil naziri təyin edib.
Bu 4 postun hər biri olduqca mühüm postlardı və bu postlara təyinat olduqca məsuliyyət tələb etməlidir.
Amma Ilham Əliyevin şəxsən etimad göstərib, təyin etdiyi bu adamlar bu sahələri daha da iflic vəziyyətə saldılar.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində rüşvətin tüğyan etdiyini yeni nazir də etiraf etmişdi. Füzuli Ələkbərovun biznes imperiyası, ünvanlı sosial yardımın 6 ayının əvvəlcədən rüşvət kimi alınması, ümumiyyətlə sosial siyasətin ədalətsizlik üzərində qurulduğu heç kimə sirr deyil. Sonradan da təsdiqləndi nazir də, nazirlik də “2″ yə layiqdir.
Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyəti də heç kimə sirr deyil. Fakt budur ki, vətəndaş ölkə səhiyyəsinə etimad göstərmir, səhiyyə korrupsiyaya bulaşıb, dövlət xəstəxanaları pullu xidmət göstərir, dərmanlar baha və keyfiyyətsizdir. Xüsusən də son bir həftə ərzində səhiyyədə baş verənlər, vətəndaşın sağlamlığının təhdid altında olduğunu göstərdi. Ölkə əhalisinin böyük əksəriyyəti müxtəlif xəstəliklərdən əziyyət çəkir. Təsadüfi deyil ki, apteklərdə və xəstəxanalarda izdiham müşahidə olunur. Yəni, Azərbaycan səhiyyəsinin özü xəstə vəziyyətdədir .
Təhsil sahəsindəki dəhşətli mənzərə imtahan nəticələrindən daha aydın görünür. Orta məktəblərin imtahan nəticələrinə görə 70-80 faiz şagird “2″ qiyməti alır. Ali məktəblərə keçid balları aşağı salınır ki, tələbə adın qazana bilənlər çox olsun. Təhsil haqları fantastik həddədir və 3-4 il ərzində 17000 tələbə bu səbəbdən universitetdən kənarlaşdırılıb. Hətta müəllimlərin qiymətləndirmə imtahanlarında da vəziyyət acınacaqlıdır. Reallıq budur ki, Azərbaycanda ən az maaş müəlimə verilir və müəllimlər repetitora çevrilir. Ümumiyyətlə, elm və təhsil sahəsi ən yetim sahəyə çevrilib və hökumət bu sahəni unudub. Rəsmi şəkildə etiraf olunur ki, ölkədə savadlı kadr çatışmazlığı var, samballı elmi əsərlər yazılmır, tələbələr minimal ehtiyaclarını ödəyə bilmirlər. Bir sözlə, ölkədə kütləvi savadsızlıq hökm sürür və bunun aradan qaldırılması üçün heç bir fəaliyyət yoxdur. Hansıki, bir dövlətin ayaqda qalması, işıqlı gələcəyi üçün təhsilin inkişafı mütləqdir. Səhiyyəsi və təhsili məhv edilmiş ölkənin gələcəyi ola bilməz.
Ilham Əliyevin növbəti kadrı Eldar Mahmudov isə analoqu olmayan “performans” göstərdi. Məlum oldu ki, Əliyevin təhlükəsizliyə keşikçi qoyduğu adam təhlükə mənbəyi imiş. Etiraf olundu ki, bu adam cinayət törətməklə, iş adamlarına işgəncə verməklə, insanları şantaj etməklə, çirkli pullar qazanmaqla məşğul olub. Hələ də MTN-dəki cinayətlərin səs-sədası gəlməkdədir və hər dəfə yeni faktlar ortaya çıxır.
Göründüyü kimi Ilham Əliyevin təhsilə, səhiyəyə, sosial müdafiəyə, milli təhlükəsizliyə təhkim etdiyi adamlar bu sahələrin tənəzzülünə xidmət edib.
Bəli, bu adamlar əvvəlki hökumətlərin yadigarı deyil, məhz Ilham Əliyevin kadrlarıdı. Ölkə başçısı 4 nazir təyin edib, 4-ü də “brak” çıxıb. Bundan sonra “uzaqgörən siyasət”, “uğurlu fəaliyyət” nağılları danışmaq həqiqətən də gülməli görünür.
Deməli, bu sahələrin iflic vəziyyətə salınmasının məsuliyyətini həm də ölkə başçısı daşıyır. Necə ki, idmanda, musiqi yarışmasında uğur qazanılan kimi “prezidentin uzaqgörən siyasətinin nəticəsidir” təbliğatı apaırlır, eləcə də əsas sahələrin iflic vəziyyətə düşməsini də “prezidentin uğursuz siyasəti” kimi təqdim etmək lazımdır.
Bu faktlar ölkə başçısının idarəçilik qabiliyyətinin, kadr seçiminin hansı səviyyədə olduğunu göstərir. Bu dörd naziri nə müxalifət təyin edib, nə Avropadan göndərilib, nə də erməni lobbisi yönləndirib. Bütün bunlar Əliyev komandasının “göz muncuqları”dır.
Azadlıq. Akif