“BÖHTANA ŞƏRİK OLSAYDIM ÜZÜMƏ TAYBATAY AÇILAN QAPILARDAN KEÇƏRDİM”

…GÜNLƏRİN BİRİNDƏ, ÇEVRƏNİN İNTRİQALARINDAN SÖHBƏT DÜŞƏRKƏN ELÇİ BƏY DEDİ Kİ, SƏN BİZİM ÇEVRƏYƏ GƏLƏNDƏ ARTIQ ÖLKƏ İLƏ BİR ADIN VARDI, TANINMIŞ TELEVİZİYA APARICISI İDİN, YAZIÇI İDİN. GƏLİB BURADA MƏŞHURLAŞSAYDIN VƏZİYYƏTİN DAHA DÖZÜLMƏZ OLARDI, SƏNİ YEYƏRDİLƏR. DEDİM, BƏY, HEÇ BAŞA DÜŞMÜRƏM BU MÜNASİBƏTİ. GÜLDÜ. DEDİ, NİYƏ BAŞA DÜŞMÜRSƏN, MƏN BOYDA DEVİN YANINDA DURMUSAN, DEYİRSƏN, BUNU RAHAT HƏZM ETSİNLƏR? ƏLBƏTTƏ, SƏNİNLƏ VURUŞACAQLAR. MÖVQEDƏN DÜŞÜRMƏYƏ ÇALIŞACAQLAR. LİDERLƏRLƏ YANAŞI DURMAQ HƏR ZAMAN QARŞIDURMA, İNTRİQA İÇİNDƏ OLMAQ DEMƏKDİ. RƏQABƏTƏ DÖZÜMLÜSƏNSƏ MÖVQEYİNİ QORUYUB SAXLAYACAQSAN. BU İŞ DÜNYA VAR OLANDAN BELƏ OLUB, İNDİ DƏ BELƏDİR, BUNDAN SONRA DA BELƏ OLACAQ. ÜRƏYİNİ SIXMA.

Elçi Bəy o söhbətdə bir də bunu dedi, sənin üç qiymətli keyfiyyətin var;Mehriban-Vezir-300x300

  1. HEÇ KƏSİ PİSLƏMİRSƏN.
  2. YALAN DANIŞMIRSAN.
  3. ARTIQ SUAL VERMİRSƏN.

Bu nadir keyfiyyətləri görənlər və qiymətləndirənlər hər zaman tapılacaq.Əbülfəz-Elçibəy

Elçi Bəy bu sözlərdən sonra sanki başqa bir dünyadan danışmağa başladı. Üzü dəyişdi, qüssələnmişdi, baxışları uzaqlara zillənmişdi. O vaxt heç nəyi başa düşmədim, heç bir sözünün mənasını anlamadım. Çox fikirli-fikirli və ləng-ləng deyirdi; Çalış sınma. Heç nədən sınma. Pulun olmasa… ayaqqabın könhə olsa… dostlar tərk etsə… nə olsa belə… nə olmuş olsa  belə… sınma. Sınma.

Çox sonradan Bəyin  bu sözlərini və o narahat, o fikirli halını xatırlayanda anlayıram ki, o Böyük İnsan nəsə demək istəyirdi, nədənsə xəbərdarlıq etmək istəyirdi. Dedikləri isə demək istədiklərini gizləmək üçün idi.  Sadəcə, sözünü deyə bilmirdi, bəlkə də mənə qıymırdı, bəlkə də hazırlıqsız olduğumu düşünürdü. Sözləri çox ehtiyatla seçirdi, kəlməbaşı susub sanki daha yumşaq söz gəzirdi. Nəyisə deməyə, nəyisə deməməyə çalışırdı. O, nə hal idi, nə idi, nəyi bilirdi,  nədən narahat idi. O “nə olmuş olsa belə” nə məsələ idi. Açmadı. İndi bir az bilirəm sanki, amma yenə sirrdi. Düzünü isə Allah bilir.

Bütöv Azərbaycan Birliyi Elçi Bəyin gözbəbəyi idi. Bu iş, bu təşkilat onun sevdası idi. Bir gün köməkçisi ilə BAB-ın məramnaməsini mənə evə  göndərdi. Üstündə öz əli ilə yazıb; xahiş edirəm oxuyub rəyinizi bildirəsiniz.  Ümumiyyətlə, BAB-ın və Milli Müqavimət Hərəkatının işləri onun üçün çox mühüm idi. Xüsusilə, İstanbul sammiti ərəfəsində Elçi Bəy çox gərgin idi. Çox işləyir, bu müstəvidə Milli Müqavimət Hərəkatına da yön verirdi. O həm də idarə heyətinin üzvü idi. Bir dəfə dedi ki, İstanbul Sammiti ərəfəsində başağrısı tapdım, o xata sovuşdu, mənim başağrım sovuşmadı.

Elçi Bəy Qarabağın de-yuro veriləcəyindən qorxurdu, çünkü buna gizli zəmin hazırlandığından xəbərdar idi.  Biz, bütün təşkilatlara, dünyanın idarəsinə yön verən bütün siyasilərə Azərbaycan demokratik qüvvələri adından etiraz məktubu göndərirdik.

Bir gün Elçi Bəy bu ağır çalışmaların içində köməkçisi ilə 2 limon göndərdi mənə. Rastlaşanda soruşdu, təəccüblənmədin? Dedim, çox sağ olun, Bəy, payınız çox olsun. Güldü. Çox təsirli gülməyi vardı. Dedi, Ordubadda bir əziz dostum var,  Bakıya yolu düşəndə hər dəfə limon gətirər mənə. Keçən dəfə dördünü gətirmişdi. Birini İsa bəyə göndərdim, birini də Nəcəf bəyə. Bu dəfəki paydan, dedim, sənə göndərim.

İndi bu əziz xatirələrdən söz düşəndə qəhərlənirəm. Dost adımı anmışdı.  Adımı necə bir Dost anıbmış. Adını anan elə bir Dostun varsa cəmi dünya düşmən kəsilsin. Qoy kəsilsin. Nə qəm.

…Zaman keçdi. BAB-ın məramnaməsini kitabça kimi nəşr etdilər. O məramnaməni ki, oxuyub rəy vermişdim, bütün İdarə Heyətinin önündə Elçi Bəy məni redaktor elan etmişdi. Adımı o nəşrə salmadılar özünə Elçibəyçi deyənlər. Elçi Bəyin deyil, öz seçimlərini etdilər.

Əlbəttə, söhbət yalnız məndən getmir. Ümumiyyətlə, Elçi Bəydən sonra onun bütün silahdaşları, hətta ən sadiqləri belə Elçi Bəyin öz əli ilə qurduğu düzəni pozdular, özlərinə Elçibəyçi deyə-deyə, ondan sitat gətirə-gətirə onun qurduqlarını əlbir olub sökdülər. Kimin düzənini pozduqlarını düşünmədilər.

Gələk Milli Şuradan çıxarılmağıma. Milli Şuranın fəaliyyətinə sayqılarımı bildirərək  deyim ki, bəlkə bir il olardı koordinasiya mərkəzinin  iclaslarına qatılmırdım.  Bunun səbəbini maraqlanan həmsöhbətlərimə  demişəm. Yəni sirr deyil. Bu yazımla da açıqlayıram – mən düşərgəiçi savaşlarda iştirak etmirəm. İçsavaşlara baş qoşmağı lüzumsuz və zərərli sayıram. Milli Şuranı yeganə müxalifət düşərgəsi, digərlərini isə “satılmış” hesab etmirəm. Bu düşüncəni normal görmürəm. Bir insanın məndən başqa hamı satılıb deməsi anormaldır, eləcə də bir çevrənin bu şüuru daşıması – özünü təmiz, digər hər kəsi natəmiz bilməsi adekvat deyil. Düşünürəm, müxalifət olaraq mübarizə aparan azı 4 səmt mövcuddur ki, onların pərən-pərən düşməsindən çox məyusam.  Bundan əlavə, harada olmuş olsam belə heç kimin tətikçisi deyiləm.  Vur deyəndə vur, dur deyəndə dur xarakterli biri deyiləm. Fərdlər arası, qəzelər arası və çevrələr arası dava mənim davam deyil. Mənim davam mənim üçün çoxdan müəyyən edilib  və dəyişikliyə yeri qalmayıb.

mehriban vezir-6790Mirmahmud MirəlioğluÜmumiyyətlə, siyasi xarakterli deyiləm. 2003-cü ildə KXCP-nin ağır günlərində hörmətli Mirmahmud ağa Elçi Bəyin əziz dostu Həsən Baskalla evimə gəlib xahiş etdi ki, onun rəhbərlik etdiyi partiyaya gəlim.  Ağadan və əziz dostdan keçmədim, getdim. Az bir zaman üçün o partiyada sədr müavini oldum. Həmin müddətdə gördüm ki, verilən qərarlarda və atılan addımlarda mənim rolum, rəyim, sözüm sıfıra bərabərdir. Sayqılarımı bildirib partiyadan getdim. Bu, mənim yeganə, azmüddətli və əhəmiyyətsiz siyasi fəaliyyətim oldu. Çünkü  iştirakım olmayan qərarların icraçısı ola bilmirəm. Olmaq istəmirəm yox, məhz, ola bilmirəm. Özümdən asılı deyil, yapım belədi.

milli şuraHÖRMƏTLİ CƏMİL HƏSƏNLİYƏ DƏ BİLDİRDİM Kİ, MİLLİ ŞURANIN PARTİYA KİMİ İDARƏ EDİLMƏSİNƏ  ETİRAZ EDİRƏM.

Düzdür, indiki fikirlərimlə Milli Şuranı tənqid edirəm, bu situasiyada yalan danışanı müdafiə etdiklərini qınayıram, amma haqlarını dana bilmərəm. Onlar da müxalifətin bir düşərgəsi olaraq əllərindən gələni edirlər. Mən iştirakdan imtina elədiyim yeri inkar edənlərdən deyiləm. Hər zaman da sayqılı münasibətlərimi qorumağa çalışacam.

Həyat daima məni sınağa salır. Elə hər kəsi. Həyatın sanki insanla qəsdi, qərəzi var. Insan taleyi onsuz da əzab əziyyət içindədir. Siyasi mühit  ədalətsiz olanda bu əzab-əziyyət işgəncəyə, bitməz sınağa çevrilir.  Çünki pis siyasi mühit həm iqtidarı, həm müxalifətı, həm də hər kəsi pis edir, mənəvi aşınmaya uğradır. Belə zamanlarda iqtidar da,  müxalifət də və hər kəs də yalanın kökünü kəsmir, görənin gözünü tökür.

Mənim növbəti sınağım MHŞT Koalisiyasının seçki nəticələrindən Milli Şuraya göndərilən “hesabat” məktubunu “görməyim” və gördüyümə göz yummamağım oldu.  40 qəzetin yazdığı “Milli Şuradan çıxarıldı” xəbərinin səbəbi bu idi. Məktub qarşıma çıxanda bir xeyli durub yalan və böhtan dolu “camalına və kamalına” tamaşa etdim. Susmaq şəriklik olardı. İctimailəşdirmək… çətin iş idi. Hansı şəbəkə ilə üz-üzə qalacağımı bilirdim. Amma hər zaman çətini seçmişəm. Bu, mənim seçimim deyil, görünür, arı yuvasına çöp uzatmaq taleyimin seçimidi.

Mehriban V.ZATƏN, SUSMAĞI BACARSAYDIM, GÖRDÜYÜMƏ GÖZ YUMA BİLSƏYDİM, YALANA, BÖHTANA ŞƏRİK OLSAYDIM ÜZÜMƏ TAYBATAY AÇILAN QAPILARDAN KEÇƏRDİM. O QAPILAR DÜPPƏDÜZ PARLAMENTƏ AÇILIRDI.
cəmil həsənli…YERİ GƏLMİŞKƏN, MARAQLIDIR, DOĞRUDANMI HÖRMƏTLİ CƏMİL HƏSƏNLİ BELƏ HALLARDA SUSMAĞIN, GÖRDÜYÜNƏ GÖZ YUMMAĞIN TƏRƏFDARI OLA BİLƏR?

…Aztv-də işləyəndə düz iki dəfə çox alçaq seçim önündə qaldım. Birinci belə idi – yəqin xatırlayırsınız, 90-ların sonunu – bütün Aztv jurnalistləri  deyirdi ki, Elçi Bəy hakimiyyəti fərsiz idi, səriştəsiz idi, indiki hakimiyyət fərlidi, səriştəlidi. Gedəni söymək, gələni öymək gərəkirdi. Bu, günlük öhdəlik idi. Yuxarıdan göstəriş vardı, hər kəs efirə çıxıb bunu dedi, istisnasız olaraq bütün jurnalistlərimiz, hətta cəbhəçi olmuşlar belə etdi. Mən etmədim, bilin. AZTV-nin yüzlərlə jurnalisti içində bunu tək mən etmədim. Bunun nə demək olduğunu anlata bildiyimə əmin deyiləm. Amma gözdən salmanın həddini bir düşünün, 20 il bir yerdə işlədiyiniz yoldaşlarınızın abırlıları  sizə salam verməmək üçün yollarını dəyişəcək, abırsızları isə böyrünüzdən düz keçəcək. Və saysız-hesabsız bu kimi sarsıdıcı hallar…

Nə isə, mədhiyyə və söyüş növbəsi mənə çatanda dedim, elə düşünmürəm, düşünmədiyimi isə deyə bilmərəm.

nizami xudiyevO ZAMANIN AZTV SƏDRİ NİZAMİ XUDİYEV GÖZÜMÜN İÇİNƏ DEDİ Kİ, “NƏ OLDU, BU ÜÇ MİN ADAMIN İÇİNDƏ BİR SƏN KİŞİ ÇIXDIN?”

Amma insaf naminə deyim, onu da əlavə etdi ki,

“BU, SƏNİ İŞDƏ SAXLAYA BİLMƏYİMİN YEGANƏ YOLUDUR, BAŞQA CÜR MÜDAFİƏ EDƏ BİLMİRƏM, GETMƏYİNİ DƏ İSTƏİRƏM, MƏNİM EFİRİM ZƏİFLƏYİR”.

Mən də ona cavab verdim ki, sizə təzyiq olsa xəbər edin, ərizəmi yazıb gedərəm.

Bir müddət  işdən deyil, efirdən uzaqlaşdırdılar.  Yəni tisbağanı ya öldürdün, ya arxası üstə çevirdin, fərqi yoxdur. İşim yox, verilişim yox, boşuna gedib gəlirəm.

VəzirovNƏHAYƏT, ÖLÜM-DİRİM SINAĞINA DÜŞDÜM. TƏKLİF GƏLDİ  Kİ, ƏBDÜLRƏHMAN VƏZİROV HAQDA VERİLİŞ HAZIRLAYIM, DEYİM Kİ, ANASI ERMƏNİDİ. CAVAN İDİM, NAŞI VAXTLARIM İDİ, ELƏ BİLDİM BİLMİRLƏR, ÇOXLARI KİMİ QARA TƏBLİĞATA UYUBLAR, DEDİM, NƏ DANIŞIRSIZ, TOVUZ XALA ERMƏNİ DEYİL, TƏR-TƏMİZ TÜRK QIZIDI. DEDİLƏR, BİLİR, DEYİR Kİ, ÖZ QOHUMU DESİN. DESİN, OLSUN BİZİM ADAM, BÜTÜN QAPILAR ÜZÜNƏ AÇIQ OLACAQ, BİZİM SİYAHIDA ADI OLACAQ, NƏ İSTƏYİR ALSIN-SATSIN, İSTƏYİR HƏR GÜN EFİRƏ ÇIXSIN.

Dəhşətə gəldim.

Bu imtinadan sonra işdən çıxardılar. Daha doğrusu, söz verdiyim kimi; sədr xəbər yolladı, ərizəmi yazdım. Adımı qara siyahıya saldılar. Heç yerdə işə götürmədilər. Halbuki yaşamaq üçün, övladlarımı saxlamaq üçün işləməliydim.  İşləmək haqqımı əlimdən aldılar. İctmai işlərlə məşğul olmağa başladım. Havayı hamballıq eləməyə belə qoymadılar. Hara əl atdım, əlim yandı. Aydınlar Birliyindən də çıxardılar. Sonra da oturub öyündülər. BAB da elə elədi.

Heç nə ilə müqayisə olunmaz faciə – oğlumun müsibətini yaşatdılar.

Hal əhli anlayar… bütün bunlar deyildiyi qədər olmur, hər saniyəsinin öz işgəncəsi var, öz ağrısı, öz əzabı var.

HƏQİQƏTƏN, İNSAN TALEYİ KEŞMƏKEŞLİDİR. BUNUN ÜZƏRİNƏ  PİS REJİMLƏRİN SINAQLARI DA GƏLƏNDƏ HƏYAT CƏHƏNNƏMƏ DÖNÜR. BU CƏHƏNNƏMİ MADDİ “CƏNNƏTƏ” ÇEVİRƏNLƏR ÜSTÜMƏ QƏH-QƏHƏ ÇƏKİR. ÜZLƏRİNƏ AÇILMIŞ FÜRSƏT QAPILARINDAN ALÇALIB KEÇƏNLƏR HAQQIMDA QƏRAR VERİR. DÜNƏN İQTİDARA LƏBBEY DEYƏN BUYRUQ QULLARI, BU GÜN MÜXALİFƏTİN QOLTUĞUNA SIĞINAN BÜQƏLƏMUNLAR BELƏ ZAMANLARDA ÇOX YEKƏ-YEKƏ DANIŞIR. ONLAR SABAH HARADA OLACAQLAR? AYDINLAR BİRLİYİNİ MƏHZ BUNA GÖRƏ XATIRLADIM. HAQQIMDA QƏRAR VERƏNLƏR İNDİ HARADADIRLAR? MƏN İSƏ ELƏ HƏMİN DURDUĞUM YERDƏYM Kİ DURMUŞAM.

Amma inanın, heç kimi qınamıram. Hətta anlayışla yanaşıram. Çünki insan dünyaya gələndə mahiyyəti ilə gəlir. Adam ya adam doğulur, ya yox. Adamda vicdan ya olur, ya yox. Nə pul, nə kitab adamı adam eləmir.

Mən bu ömürdə bunu anladım. Bu isə hər şeyə anlayışla yanaşmağı öyrətdi mənə. Hər şeyə. Hətta nizamnamə pozuntularına da.

Elçi Bəyin qəm-qüssəli üzü, məchullara zillənmiş əfkarlı baxışları, sınıq kəlimələri xəyalımdan keçir arada… sınma… nə olmuş olsa belə sınma…

Bu kəlimələr mənə deyilmirdi, burda mənlik bir iş yox idi, sanki bu kəlimələr ruhuma nəqş edilirdi. Ona görə rahatam, haqqımda istədiyiniz qərarı verə bilərsiniz, şayiələrinizi metastaz edə bilrsiniz. Nə olmuş olsa belə… mən buradayam. İcra etdiyim isə öz qərarlarımdır.