Sabit Bağırov İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasından istefa verib.

 

Sabit Bağırov

Əliməmməd Nuriyev: ”Günahkar Qubad İbadoğludur”

Qubad İbadoğlu: ”Əliməmməd Nuriyevin dedikləri qeyri-ciddi və qeyri-obyektivdir”

İqtisadçı Sabit Bağırov İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasından istefa verib. O, bu qərarı koalisiyanın iyunun 30-da keçirilən toplantısından sonra verib.

Toplantı Sabit Bağırovun ofisində keçirilib və iclasda sonra o, Facebook səhifəsində istefa verdiyi barədə açıqlama yayıb.

Meydan TV məlumatla bağlı Sabit Bağırovla əlaqə saxlayıb.

O, xəbəri təsdiq etsə də, bu barədə danışmaq istəməyib: “İndi səbəbini açıqlamayacam, zamanı çatanda danışaram”.

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev.

Qurumun keçmiş koordinatoru, hazırda isə şura üzvü olan Əliməmməd Nuriyev Sabit Bağırovun istefasında Qubad İbadoğlunu günahlandırıb: “Artıq neçə vaxtdır o və ətrafı qurumun normal işləməsinə mane olur. Bununla bağlı Monitorinq Qrupunun rəyi var. Əslində, problem Oqtay Gülalıyevin Milli Şuraya 400 min manatlıq məlum müraciətilə bağlıydı. Bir daha deyirəm, 400 min manat məsələsi yalandır. Mən və Qubad İbadoğlu məsələ ilə bağlı Monitorinq Qrupuna (MQ) müraciət etdik ki, Gülalıyevin hərəkətinə rəy versin. Monitorinq Qrupu rəy verəndən sonra hamı onu qəbul edəcəkdi. Ancaq qrupun iki rəyi oldu, birində keçmiş koordinatordan, ikincidə isə Koalisiya Şurası və Koalisiyadan üzr istənilməsi yazılmışdı. MQ-nun 5 üzvü var, Hafiz Həsənovla Çingiz Dadaşov keçmiş koordinatordan və koalisiyadan üzr istənilməsini təklif etsələr də, keçmədi. Qalan 3 nəfərin Koalisiya Şurası və Koalisiyadan üzr istəmək təklifi keçdi. Ancaq iclasda bildirdim ki, təqdim olunan rəydə nüfuzumun zədələnməsinə birbaşa qiymət verilməsə də, qəbul edəcəm. Bununla belə, Qubad İbadoğlu və ətrafı hüquqa hörmət etməyərək, rəyin əsas hissəsini qəbul etmədi. Konkret olaraq, Oqtay Gülalıyevin üzr istənilməsi məsələsi rəydən çıxarıldı. Ona görə səsvermədə iştirak etmədim, məndən sonra Azər Mehtiyev də iclası tərk edib. Hesab edirəm ki, Qubad İbadoğlu və ətrafı koalisiyanı parçalamaqda maraqlıdırlar, məqsəd özlərinin siyasi baxışlarını həyata keçirməkdir. Bildiyimə görə, Sabit Bağırov bu məsələlərə görə istefa verib. O, koordinator seçkisindən siyasi motivlər olduğu üçün getdi. Təəssüf ki, Sabit Bağırov 2004-cü ildə yaratdığı koalisiyadan getdi”.

Şuranın üzvü Qubad İbadoğlu Sabit Bağırovun istefası ilə əlaqədar Meydan TV-yə deyib ki, o da bu barədə məlumatsızdır: “İyunun 30-da şuranın iclası Sabit Bağırovun ofisində keçirilib, 5 saata yaxın çox məhsuldar müzakirələr aparıldı, koalisiya şurasaının əlaqələndiricisi seçilib. Onun təkliflərindən biri də qəbul edildi. Ancaq istefa verəcəyi hiss olunmurdu. Mən də iclasdan sonra məlumat aldığımdan səbəbini bilmirəm”.

Qubad İbadoğlu

Qubad İbadoğlu.

O, Əliməmməd Nuriyevin haqqında dediklərini yanlış və qərəzli hesab etdi: “Əlimməd Nuriyev 30 iyul toplantısında iştirak etsə də, sonra iclası tərk edib. Amma biz Sabit bəylə məhsuldar müzakirələr aparmışıq. Ona görə Əliməmməd Nuriyevin dedikləri qeyri-ciddi və qeyri-obyektivdir”.

Aprelin 30-da İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının toplantısında 11 nəfərdən ibarət koalisiya şurası, 5 nəfərdən ibarət monitorinq qrupu seçilib.