Deputatların «erməni» arqumentindən yapışması diplomatik məğlubiyyətin etirafıdır
AŞ PA-dakı rüşvət biabırçılığına YAP-çı deputat Aydın Mirzəzadədən sonra, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da münasibət bildirib. Təbii ki, Səməd Seyidovun bu biabırçı hadisəyə münasibəti fərqli olmayıb. O da baş verənlərin arxasında erməni lobbisinin dayandığını, Azərbaycanın AŞ PA-dakı uğurlarını bəzi qüvvələrin həzm edə bilmədiyini söyləyib. Eyni zamanda bildirib ki, bizim işimiz hansısa şayiələri araşdırmaq deyil, biz müstəntiq, prokurur deyilik, belə böhtanlara məhəl qoymuruq və s.
Bəli, Azərbaycanın taleyi, dövlətin imici, xalqın gələcəyi bu adamların girovluğundadır. Dünya mətbuatı Azərbaycan deputatlarını çirkli fəaliyyətdə ittiham edir, Səməd Seyidov isə “bizim işimiz yazılanları ifşa etmək deyil” söyləyir
Ancaq AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri olaraq ən böyük məsuliyyəti Səməd Seyidov daşıyır və bu məsələ ən çox onu narahat etməliydi. Yazılanlar, deyilənlər yalandırsa, Səməd Seyidov od püskürməli, həmin Italiya qəzetini məhkəməyə verəcəklərini bildirməli, bu məsələni AŞ PA-da müzakirəyə çıxarcağını bəyan etməliydi. Amma aydın şəkildə görünür ki, ölkənin adının ləkələnməsi, millətə vəkillik eşqinə düşmüş adamların rüşvət verməkdə ittiham olunması Səməd Seyidovu qətiyyən narahat etmir. Sanki, hökumətin belə biabırçılıqlara immuniteti yaranıb və çirkli sövdələşmələrin üzə çıxmasına görə qətiyyən təşvişə düşmürlər.
Hökumətin AŞ PA-dakı uğurlarına gəlincə, vəziyyət daha da gülməlidir. Səməd Seyidov hansı uğurlardan danışır? AŞ PA-da deputatların Azərbaycan nümayəndə heyəti ilə məsafə saxlaması, “kürü diplomatiyası”, prezident və parlament seçkilərinə mənfi rəy verilməsi, hakimiyyətin repressiv siyasətə görə tənqid atəşinə tutulması uğurdurmu? Bəlkə, hökumət AŞ PA-da demokratik imic qazanıb, bəlkə, Qarabağ məsələsində həlledici uğura nail olmuşuq? Axı, AŞ PA-dakı uğurumuz nədə ifadə olunur? AŞ PA-da uğur qazanan hökumətin deputatlarını 2.4 milyon avroluq rüşvətdə ittiham edərlərmi?