ABŞ-la əlaqələrin yaxşılaşması demokratiyanın səviyyəsindən asılıdır

abs bricitABŞ hökuməti münasibətlərin yaxşılaşdırılmasının məsuliyyətini Azərbaycan hökumətinin üzərinə qoyur

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bricit Brink Azərbaycana səfəri zamanı prezidentlə, xarici işlər naziri ilə, müxalifət təmsilçiləri və azad olunan siyasi məhbuslarla görüşüb.

Brinkin səfəri zamanı səsləndirdiyi bəzi bəyanatlar maraq doğurur.

Səfərinin məqsədinin Amerika və Azərbaycan arasında olan əməkdaşlıq və tərəfdaşlıq məqamlarına yenidən toxunmaq olduğunu deyən Bricit Brink əlavə edib ki, əməkdaşlıq və tərəfdaşlıq 3 istiqamət üzrə inkişaf etməkdədir: Bu, təhlükəsizlik, iqtisadiyyat və enerji, eyni zamanda, demokratiya sahəsidir. Görüşlərdə bu məsələlərdə inkişafı əldə etmək üçün müzakirələr aparılıb. Brink bildirib ki, Azərbaycan Amerika üçün vacib tərəfdaşdır: “Prezidentin iqtisadi məsələlər üzrə müşaviriylə də görüşdə bildim ki, Azərbaycan biznes sahəsində olan əməkdaşlıq imkanlarını nəzərdən keçirir və bu kimi fəaliyyətin nəticəsində ölkənizə ABŞ-dan daha çox sərmayə gətirilə bilər. Bilirsiniz ki, Vaşinqton Azərbaycanda fəalların, jurnalistlərin və digər şəxslərin azadlığa buraxılmasını çox alqışladı. Səfər zamanı bu insanların bir neçəsilə görüşdüm”.

ABŞ rəsmisi xüsusilə onun altını cızıb ki, Azərbaycanın uğuru məhz cəmiyyət daxilindəki müxtəlif səslərin mövcudluğundan asılıdır.

Ekspertlər hesab edir ki, Azərbaycan-ABŞ münasibətlərində müəyyən canlanma müşahidə olunur. Bundan əvvəlki dövrdə diplomatik təmaslar çox aşağı səviyyədə idi. Neftin qiymətinin kəkskin ucuzlaşması nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət həddsiz pisləşib. Məhz bu amil Azərbaycan hakimiyyətini ABŞ, Qərblə münasibətləri intensivləşdirməyə vadar edir. Müəyyən ümidlər bəslənilən TAP və TANAP layihələrinin reallaşdırılmasına ABŞ ciddi siyasi dəstək verir. Həm bu proyektin, həm də neftin qiymətinin ucuzlaşması nəticəsində yaranmış ağır böhran xarici maliyyə mənbələrindən böyük məbləğdə vəsaitlərin cəlb olunmasını tələb edir. Dövlət katibinin müavini Brink bir neçə gün əvvəl Bakıya səfər etdi. Hökumət nümayəndələrindən tutmuş, müxalifət liderləri və keçmiş siyasi məhbuslarla görüş imkanı yaradıldı. Brinkin mətbuat konfransı zamanı dedikləri ABŞ-Azərbaycan münasibətlərində kifayət qədər ciddi ziddiyyətlərin qaldığını göstərir. Bunlar ilk növbədə Azərbaycan hakimiyyətinin demokratiya və insan hüquqlarına olan münasibəti ilə bağlıdır. Böyük maliyyə vəsaitlərinə ciddi ehtiyac duyan Azərbaycan hakimiyyəti faktiki dilemma qarşısında qoyulur.

Qərbdən çox böyük ehtiyac hiss edilən maliyyə vəsaitlərinin alınması üçün iqtidar rejimin yumşaldılmasına getməlidir. Əks halda istəyinə nail ola bilməyəcək. Nəzərə almaq lazımdır ki, lap elə bu yaxınlarda ABŞ Konqresində Azərbaycandakı korrupsiya və insan huquqları sahəsində hökumətin qanunazidd siyasəti haqqında geniş və ətraflı danışılıb. Yəni ABŞ-da istər icraedici, istərsə də qanunverici orqan səviyyəsində Azərbaycandakı repressiv siyasəti dəyişmək tələb olunur. Brink də mətbuat konfransında çıxışında bu sahələrdə daha çox işin görülməsinin vacib olduğunu bildirdi. Bu isə o deməkdir ki, ABŞ hökuməti münasibətlərin yaxşılaşdırılmasının məsuliyyətini Azərbaycan hökumətinin üzərinə qoyur. Azərbaycan hökumətisə vətəndaşlarının hüquq və azadlıqlarına daha çox hörmət etməklə daha böyük iqtisadi dəstəyə ümid edə bilər.