Elvin Abdullazadə hakimiyyətə meydan oxudu VİDEO

elvin-abdullayev“Facebook”dakı hökumətin ünvanına tənqidi statuslarına, həmçinin siyasi baxışlarına görə narkotiklə şərlənərək həbs olunan AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullazadənin məhkəməsi yekunlaşdı. 21 yaşlı fəalın məhkəməsi həm də onun parlaq son sözü ilə yadda qaldı. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə keçirilən iclasda Elvin Abdullazadə son sözünü deyərkən faktiki onu siyasi sifarişlə dəmir barmaqlıqlar arxasına saldıran hakimiyyətə meydan oxudu.

“Vicdanlı olduğum, vətənimi sevdiyim üçün buradayam”

“Bu, əslində son sözüm deyil, son sözümü Allah dərgahında deyəcəyəm. Mən xoşbəxtəm, çünki mən qalibəm, mən siyasi məhbusam. Bu, mənim diktatura üzərində qələbəmdir. Zalım hakimiyyətin məndən qorxub məni həbsə atması qələbəmdir. Bəli, mən xoşbəxtəm. Bu rejim qarşısında sınmadığım, vicdanla mübarizə apardığım üçün xoşbəxtəm. Həm də ona görə xoşbəxtəm ki, zalımlardan yox, vicdanlılardanam. Mən vicdanlı olduğum, vətəni sevdiyim üçün buradayam. Allahdan başqa məni heç kəs mühakimə edə bilməz. Bir gün başda Ilham Əliyev olmaqla, zalım hakimiyyət, ədalətsizlik edən bütün məmurlar burada mühakimə olunacaq”, – deyə Elvin Abdullazadə bildirdi.

“Zalım hakimiyyət istəməsə belə, Azərbaycanda demokratik inqilab olacaq”

Gənc fəal Ilham Əliyevin adını çəkən kimi hakim narahat oldu və onun sözünü kəsərək, mahiyyəti üzrə danışmağa çağırdı. Bu isə məhkəmə prosesini izləyənlərin narazılığına səbəb oldu. Elvin Abdullazadə də buna məhəl qoymayaraq çıxışını davam etdirdi:
“Üstündə üç ton narkotik tutulan hakimiyyət, bu gün məni bir neçə qram narkotiklə şərləyir, mühakimə edir.ÿBu qədər ədalətsizliyin bir sorğusu olacaq. Mənim həbsimdə məqsəd, mübariz insanları, əqidədaşlarımı qorxutmaq, susdurmaq idi. Amma bacarmadılar, onların gözlətilərinin əksi baş verdi. Heç bundan sonra da bacarmayacaqlar. Mən seçdiyim yola, apardığım mübarizəyə görə peşman deyiləm. Çünki cinayət törətməmişəm. Cinayətkarlar vəzifə başında oturan bu rejimin məmurlarıdır. Ona görə də, bunlar məni mühakimə edə bilməz. Zalım hakimiyyət istəməsə belə, Azərbaycanda demokratik inqilab olacaq. Tutduğum yoldan qürur duyuram. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Yaşasın Xalq Cəbhəsi!”
Zaldakılar Elvin Abdullazadənin çıxışını ayaq üstə alqışladılar. Ardınca Fikrət Qəribovun sədrlik etdiyi, Rasim Sadıxov və Əfqan Hacıyevdən ibarət hakimlər heyəti müşavirəyə getdi. Bu zaman zaldakılar “Elvin!”, “Elvinə azadlıq!” şüarları səsləndirdilər. Elvin Abdullazadə zalda dəmir qəfəsin içində olmasına baxmayaraq, nəzarətçilər orada da onun əllərini qandalladılar.
Az sonra müşavirədən qayıdan hakimlər hökmü elan etdi. Hökmə əsasən, Elvin Abdullazadə 6 il azadlıqdan məhrum edildi.