Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva dünən ölkə mediasında bomba effekti verən olayla bağlıModerator.az-ın suallarını cavablandırıb:
– Leyla xanım, ölkədə hamı sizdən danışır, əslində nə baş verib? Xahiş edirik məlumat verəsiniz.
– Həmin xəstə uşaq bizə 22 iyunda təxminən axşam saat 17.40 radələrində daxil olub. Uşaq növbətçi həkim tərəfindən qəbul olunub. Kəskin bağırsaq keçməməzliyi şübhəsi olduğuna görə dərhal növbətçi cərrah dəvət olunub. Cərrah uşağı müayinə edib, kəskin bağırsaq keçməməzliyi, bağırsaq invaginasiyası diaqnozu müəyyənləşdirilib. Bundan sonra müayinələr təkrarlanıb və analizlər olunub, imalə proseduru həyata keçirilib, uşağın vəziyyəti nisbətən stabilləşib. Həmin gecəki stabilləşmədən sonra səhər saatlarında uşağın vəziyyəti təkrar ağırlaşdığından bununla bağlı valideynlərinə məlumat verilib. Onların razılığı alınıb və həyati göstərişlərə görə uşaq əməliyyata götürülüb və əməliyyat səhər saat 9 radələrində həyata keçirilib. Anestezioloq da baxıb və əməliyyatın qaçılmaz olduğuna qərar verilib. Əməliyyatdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib və lazımi infuzion, antibakterial, dezintaksikon terapiya aparılıb. Lakin dünən günorta saatlarından sonra uşağın vəziyyəti kəskin pisləşməyə başlayıb və tərəfimizdən aparılan bütün reanimasion, intensiv terapiya tədbirlərinə baxmayaraq təxminən 21.40 radələrində bioloji ölüm baş verib. Ehtimal olunur ki, bağırsaq invaginasiyası nəticəsində yaranan intoksikasiya və yaranan kəskin ürək – tənəffüs çatışmazlığı ölümə səbəb olub.
– Baş həkimin qaçması ilə bağlı xəbərlər ildırım sürətilə ölkəyə yayıldı…
– Hadisə 21.40-da baş verib. Təbii ki, iş saatlarından sonra olduğundan baş həkim xəstəxanada olmaya da bilərdi, bunu qaçmaq kimi aləmə car çəkməkdə başqa məqsədlər güdülüb.
– Ölüm hadisəsi baş verəndən sonra siz xəstəxanaya qayıtdınızmı?
– Mən qayıtmadım, amma baş həkimin müavini və şöbə müdirləri xəstəxanada olublar.
– Hadisə ilə bağlı rayon prokurorluğuna və ya Səhiyyə Nazirliyinə hər hansı izahat verilibmi?
– Sizinlə danışandan yarım saat qabaq biz fövqəladə tibbi şura keçirdik və baş verən hadisə burada aidiyyatı mütəxəssislərin iştirakı ilə geniş müzakirə olundu. Biz həmin uşaqla bağlı bütün sənədləri hazırlayıb Səhiyyə Nazirliyinin uşaq ölümlərini araşdıran komissiyaya göndəriləcək.
– Görünür baş verən ölümü başqa cür çatdırmaqda maraqlı şəxslər olub…
– Bilirsiniz, burada xəstəxanada müşahidə kameraları quraşdırılıb və ölkəyə yayılan o çəkiliş Anar Məmmədov tərəfindən həyata keçirilib. Bu şəxs Əmək Məcəlləsini pozduğuna görə keçən il işdən azad olunmuş sürücüdür. Onun da yeganə məqsədi xəstəxana barədə neqativ imic yaratmaq, xəstəxananın iş rejimini pozmaqdır. Sual edirəm, gecə saatlarında xəstəxanada işləməyən, bir il bundan qabaq azad olunmuş sürücünün nə işi ola bilər? Həmin çəkilişdə belə bir söz var: “səndən pul alıblarmı?” Həmin sözü də Anar Məmmədov deyir. Bütün bunlar nəzarət kameralarının yaddaşında var və onun xəstəxanaya girməsi də, çıxması da, müsahibə alması da qeydə alınıb. Bu, təxribat xarakteri daşıyır. Bir daha deyirəm, həmin uşaq çox ağır xəstə olub, lazımi bütün yardımlar göstərilib, amma bütün cəhdlərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hansı həkim istəyər ki, onun xəstəsinə nəsə bir şey olsun. Yəni burada hər hansı formada səhlənkarlıqdan söhbət gedə bilməz. Biz bacardığımızı etmişik. Gecə-gündüz yatmayan bu boyda həkim kollektivinin, reanimatoloqların, cərrahların, tibb bacılarının o boyda zəhmətini bir dəqiqə ərzində puç etmək olarmı?
Qeyd edək ki, baş həkimin haqqında danışdığı keçmiş sürücü Anar Məmmədovla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Bu barədə saytımıza tanınmış vəkil Ceyhun Yusifov məlumat verdi. Onun sözlərinə görə Anar Məmmədovla məhkəmə çəkişməsi artıq Şəki Apellyasiya Məhkəməsindədir və bundan əlavə onun rayonda törətdiyi qanunsuz əməllər – əhalini dövlət və hökumət orqanlarına qarşı qaldırmaq, yalan məlumat yaymaq, təxribat xarakterli informasiyaları ictimailəşdirməklə gərginlik yaratmağa görə qanun qarşısında cavab verməsi üçün də müvafiq addımlar atılacaq.