Böyük Britaniyada keçirilən referundum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb.
Bu barədə iqtisadçı Qubad İbadoğlu yazıb. Ekspert Britaniyanın AB-dən çıxmasından sonra manatın yenidən sınaq qarşısında olduğunu bildirib:
“Məlum hadisədən sonra dollara nəzərən ingilis funtu bir gündə 7,18, avro isə 2 faiz dəyər itirib. Brent markalı xam neftin qiyməti isə 2 dollara qədər və ya 3,83 faiz ucuzlaşıb. Eyni zamanda, fond bazarlarında səhmlərin dəyərində də dəyişikliklər müşahidə olunur. Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyyət kəsb edən Dov Jones Sənaye və Standard and Poor 500 indeksləri dəyər qazanıb, Asiya iqtisadiyyatına təsiri olan NASDAQ və Nikkei indeksləri isə dəyər itirib. Bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq. Dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar, o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək”.
Qeyd edək ki, ötən gün Britaniyanın AB-dən çıxmasına dair referendum keçirilib. Seçicilərin 52%-i çıxmağa, 48%-i isə AB-də qalmağa səs verib.