​İŞSİZLİK CİNAYƏTLƏR DOĞURUR

Cinayət

İŞSİZLİK CİNAYƏTLƏR DOĞURUR 

«Exo» qəzeti işsizliyin doğurduğu fəsadlardan bəhs edir. Yazıda qeyd edilir ki, ölkədə işsizliyin artması yeni-yeni cinayətlərə təkan verir. Yazıda ekspert fikirlərinə də yer verilib: «İşsizlik Azərbaycanda insanları cinayətə təhrik edir. Ona görə də ölkədə daha çox yeni iş yerləri açmaq zərurətdir. Aydındır ki, insanlar gəlirsiz qalıbsa, yeni iş tapa bilmirsə, nəticədə cinayətə gedərək soyğunçuluq və oğurluq edəcək»,-deyə ekspertlərdən Kamil Səlimov qəzetə bildirib.

O, fikirlərini faktlarla əsaslandırır: «Narko cinayətlə bağlı saxlananlardan 754 nəfəri işsizlərdir. Bu gün insanları ixtisar adı ilə dövlət sektorunda işdən azad edirlər. Dövlət aparatını ola bilər ki, daha 50 faiz azaltmaq lazımdır. Amma eyni zamanda da ixtisar sayı qədər də yeni iş yerləri yaradılmalıdır».

Ekspertin fikrincə, həm hökumət, həm də bütünlükdə cəmiyyət işsizliyin hansı bəlalar doğurduğunun fərqində olmalıdır: «Böhran illərində cinayətkarlıq təkcə artmır, həm də sürətlə artır. Bununla yanaşı, işsiz cinayətkarların da payı cəmiyyətdə əhəmiyyətli dərəcədə artır. Nəticədə işsizlik cinayət törətmək üçün «stimul»a dönür».