Heykəl məhbusuna anası ilə görüş verilmədi

Qiyas IbrahimBakı İstintaq Təcridxanasında saxlanılan gənc fəal Qiyas İbrahimovun anasına bu gün onunla görüşməyə icazə verməyiblər.

Bu haqda Turan-a gənc fəalın anası Şura İbrahimova məlumat verib. Onun deməsinə görə, təcridxanada saatlarla rəislərin qapılarında qalıb.

«Gah yazı stoluna göndərdilər, gah hansısa rəisin yanına. Heç kim görüşə niyə icazə verilmədiyini doğru-dürüst izah eləmədi. Təcridxana rəisi ilə telefonda danışmaq istəsk də alınmadı”, – gənc fəalın anası bildirib.

Ancaq təcridxanada ananın apardığı sovqatı qəbul ediblər.

Məhkum və saxlanan şəxslərlə görüşlərin rejimi Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin 81-ci maddəsinə görə, saxlanan şəxslərə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir.

Görüşlərə fövqəladə durumlarda məhdudiyyət qoyila bilər.

Qiyas İbrahimovla Bayram Məmmədov mayın 10-da qanunsuz narkotik dövriyyəsi ittihamı ilə saxlanıblar. NİDA Vətəndaş Hərəkatı onların keçmiş prezident Heydər Əliyevin heykəlinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb. Onlar haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib .

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunması barədə bəyanatlar yayıblar. «Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı gəncləri vicdan məhbusu sayır.

Hər iki gənc onlara işgəncələr verildiyini bildirib.