​HÖKUMƏTİN İQTİSADİ İSLAHATLAR RESEPTİ

Dollar

Dollar

HÖKUMƏTİN İQTİSADİ İSLAHATLAR RESEPTİ

«Novoye Vremya» qəzetində çıxan «Manat yenidən eniş kursu götürüb» sərlövhəli məqalədə də ölkənin iqtisadi vəziyyəti təhlil edilib. Müəllif yazır ki, bundan sonra ölkədə dollara tələbat artacaq: «Burada bazar iqtisadiyyatının «tələb təklifi doğurur» mexanizmi işə düşəcək. Bu isə o deməkdir ki, dolların məzənnəsi artmaqda davam edəcək. İndi manatı təhvil verərək yaşıl əskinaz almaq istəyənlərin sayı çoxdur».

Müəllifin ehtimallarına görə, Azərbaycanda dolların məzənnəsinin artması təkcə neftin qiymətinin kəskin enməsindən irəli gəlmir. Burada Milli Təhlükəsizlik Nazirliyi və Beynəlxalq Bank ətrafındakı qalmaqallar da öz təsirini göstərib.

«Novoye Vremya» qəzetinin yazarı da düşünür ki, mövcud iqtisadi böhranın nəticələrini aradan qaldıra bilməyin yalnız bir yolu var- islahatlar. Ancaq onun gəldiyi nəticəyə görə, hakimiyyət islahatlara hazır deyil: «Vergi, gömrük, iqtisadi siyasət elə qurulub ki, sahibkar rüşvət verməyə məcburdur».

Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatının əsas bəlası inhisar və məmur özbaşınalığıdır: «Köhnə düşüncə ilə bu islahatları icra etmək mümkün deyil. Onun həyata keçirilməməsi isə ölkə iqtisadiyyatının uzun müddət «yuxuya» getməsi demək olacaq. Hakimiyyət bu haqda düşünməlidir. Hökumət buna hazır deyilsə, deməli, inflyasiya və iqtisadi böhran əhalini kəmərləri daha da sıxmağa məcbur edəcək. Bəlkə də, bu özü hökumətin iqtisadi islahatlar reseptidir».