Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı hakimiyyətin vətəndaşlara qarşı saymazyana və ayrıseçkiliyə dayanan münasibətindən yazıb. Onun feysbuk səhifəsində yazdığını təqdim edirik:
Hakimiyyət daha imitasiya siyasətinə heç bir ehtiyac duymur. Ölkə rəhbərliyinin dilindən səsləndirilən demokratiya, inkişaf nağılları Qərb üçündür və bəzən Qərbə qarşı da kükrəyirlər, daxili auditoriyaya saymazlıq bunları o qədər arxayın salıb. Amma adada yaşamadıqlarının, Qərbin hesabına adam olduqlarının fərqində olduqları üçün, əlimyandıda diləndikləri kreditlərə görə dərhal da dala verməyə məcbur olurlar.
Öz vətəndaşlarımız isə qələt eləyirlər. Rejim onlara saymazyana münasibətini heç gizlətmir də. “Heç nə vecimə deyil” prinsipi ilə əhali bütün siyasi və ictimai proseslərdən izolə edilib. Hətta Qarabağ kimi ağrılı problemimizin həlli məsələsində xalq qapı arxasında qoyulub. Məhkəmələrin çıxardığı təhqiramiz, gülüş doğuran qərarlar saymazlığın tavanı deyilmi?
Əlində 1 milyon rüşvətlə tutulmuş, erməni kökənli Gülər Əhmədovaya bir münasibət, zorla cibinə 10 min basıb rüşvət ittihamı ilə həbs edilən Saday Şəkərliyə başqa münasibət. Dövlətə 254 min ziyan ittihamı ilə Bayraq Meydanı Kompleksinin sabiq rəisi, anası erməni Rəşad Məmmədova 1 il 1 ay 8 gün 10 saat hökm çıxarıb evə burax, hüquq müdafiəçilərini, vətənpərvər insanları elə həmin yalançı ittihamla həbsdə çürüt. Nə qədər saymaq olar belə misalları.
Rayonlarda balaca padşahlar nə tüğyanlar edirlər. Bu qədər deyilir, danışılır, birinin cəmdəyində bir tükün heç olmasa imitasiya xatirinə tərpəndiyini görmüsünüzmü?
Ola bilsin ki, rejim “heç nə vecimə deyil” prinsipi ilə özünə arxayınçılığı, hökmünün gücünü nümayiş etdirmək istəyir. Amma əslində bu, inamsızlığın, gücsüzlüyün nümayişidir. Və hakimiyyətin dayanmadan əl atdığı repressiyalar bunun sübutudur.
İmitasiya siyasətindən “heç nə vecimə deyil” prinsipinə keçid rejimin deqradasiyasının daha bir göstəricisidir.