Bakıda keçirilən Formula 1 yarışları sosial mediada…

Bakıda keçirilən Formula 1 yarışları sosial mediada bir neçə məsələ – turistlərin sayı və biletlər üzrə müzakirə edilir.

Cümə günü iki 90 dəqiqəlik məşq yarışı ilə başlayan yarışlar şənbə günü Bakı Qran Prisi – bir 60 dəqiqəlik məşq yarışı və bir 60 dəqiqəlik kvalifikasiya yarışı ilə davam edir. Sabah bir final yarışı gözlənilir.

Həmçinin oxu: Formula 1 yarışları haqqında bunları bilməlisiniz

Facebook sosial şəbəkəsində müzakirə edilən ən qızğın mövzu turistlərdir. Tamaşaçı stendlərinin sosial şəbəkədə yayılmış fotolarında tamaşaçıların sayının az görünməsi tənqidlərə səbəb olub.

Emin Seferov adlı istifadəçi yazıb ki, “Deyirlər ki, “Formula -1″ üçün Azərbaycana yetərincə turist gəlib. Ölkəmiz qaz vurub, qazan dolduracaılakakdıasıdka. Hanı bəs onlar? Görəmiyorüm axı… Yoxsa, bizim gözümüz kimi, fotoaparatımız da onları götürmür?))”

O həmçinin ötən il Bakı-2015 Birinci Avropa Oyunları zamanı telekanalların birininazərbaycanlı bir kişini ingilis turist kimi qələmə verməsini xatırladıb.

“Axşam da birini AzTV-ə çıxardıb danışdıracaqlar ki, “Hello, my name Bonar, şey Ceyms Bonar.. Baku is a beautiful city…”

Orkhan Y. Cuvarli isə qeyd edib ki, “İndicə yanımda bir aparıcı qız iki oğlana dedi ki, siz rusca əla danışırsınız, gəlin, turist kimi sizi çəkək. Çəkirlər!!!!!!!!”

Tunar Baheddin isə yazır: “Fransada futbol üzrə dünya çempioanatı gedən bir zamanda turistlər Azərbaycana Formula1 izləməyə gələcək, hə ??? 😀 P.S Keçən il (2015) ölkəyə gələn turist sayı 2014’lə müqayisədə 17% az olub :)”

Ruslan Asad: “Bir çoxu Bakıda çoxlu turistin olduğunu yazır. Bəs F1 oturacaqları niyə boşdur? Suala xahiş edirəm ictimai fəal olmayan adamlar cavab versinlər. İctimai fəallar qərəzlidilər, gözləri uğurlarımızı götürmür, minlərlə manat dəyəri olan kariyera naminə ölkələrini pisləyirlər.”

Turistlərin sayının “nəzərəçarpacaq dərəcədə çox olması” barədə əsas paylaşımlar isə telekanalların bu barədə xəbərləri olub.

“Formula 1″ yarışları ilə əlaqədar şəhərimizdə turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Turistlər ən çox milli mətbəximizə, qədim abidələrimizə maraq göstərirlər. Müşahidələrimizdən bu nəticəyə gəldik ki, ərəb ölkələrindən, MDB ölkələrindən gələn turistlərin sayı daha çoxdur. Rusiya-Turkiyə arasında əsən soyuq küləklər Rusiyadan Azərbaycana turist axınını gücləndirib,” Ağ Yol səhifəsinin statusu dəfələrlə paylaşılıb.

Bu mövzu ilə bağlı paylaşılan başqa linklərdən biri, Gənclər və idman naziri Azad Rəhimovun oyunlarla bağlı Azərbaycana 10-15 mindən artıq turist gəlməsi barədə müsahibəsi olub.

“Bilirik ki, bu gün otellərdə boş yerlər yoxdu, hamısı sifariş olunub. Azərbaycana 10-15 mindən artıq turist gəlib. Bu gün “Formula-1”-lə bağlı burada çoxlu xarici vətəndaş işləyir. Komandaların üzvlərini də nəzərə alsaq, onlar da hansısa oteldə qalırlar. Belə deyək ki, Azərbaycanda pul xərcləyirlər. Bu da böyük gəlirdi,” nazir Rəhimov apasport.az saytına deyib.

Tamaşaçıların azlığı ilə bağlı yarışın sözçüsü Nigar Arpadaray BBC Azərbaycancaya deyib ki, “əsas yarış sabah olacaq və sürücülərin paradını, açılış mərasimini və nəticələri bilmək üçün əsas tamaşaçı sabah gələcək.”

Biletli və biletsiz tamaşaçılar

Yarışmanı izləmək üçün biletlərin qiyməti də sosial şəbəkə istifadəçilərinin nəzərində olub.

“Deyirəm hamı lovğa-lovğa deyir, Bakıda Formula 1 yarışları keçirilireeee. Pahh böyük iş olub. Nəyimə lazımdır o yarış mən onu görməyəndən sonra. Hardaki maşınlar gedəcək oraların hamısın brezentnən bağlayıblar ki heç kim görməsin. Biletlərdə üç aylıq maaşa. Üstəlik işə də piyada gedirik,” Ilkin Musaev paylaşıb.

Məşhur bloqçu Mehman Huseynov təxminən orta insan boyu hündürlüyündə qapadılmış trek ətrafının fotosunu paylaşaraq yazıb ki, “hər yeri hasarlayıblar ki heç kim görməsin.”

Bloqçu əlavə edib ki, “Biri ağaca dırmaşır, biri o birisinin belinə çıxır, biri özü ilə nərdivan gətirib ki bir təhər canlı olaraq o sürətli maşını 1-2 saniyəlik də olsa görsün.”

5 mindən çox bəyənmə gətirmiş bu paylaşıma gələn şərhlərdən bəziləri belədir:

Ofeliya Bayramova: “Tam qatılıram. Hasardan baxmağa belə kasıb camaatın icazəsi yoxdur. Chris Brownun səsini uzaqdan eşitməyimə belə təəccüb etdim. Gərək elə bir örtük edərdilər ki, səsini ancaq varlılar eşidərdi. Heyf.”

Kubara Ismailova: “O boyda pul xərcləyiblər hər yeri də açıb qoysunlar baxasınız? Min dəfə bulvarda pulsuz konsert verirlər, day bunları da havayı istəməyin də. Harada görsənib ki, F1 yarışlarına hansısa ölkə pulsuz baxmağa qoysun. Lap mənasız şeylər paylaşırsınız.”

Eyni zamanda, bilet almaq və ya satmaq üçün sosial şəbəkədə paylaşımlar edənlər də olub.

Nurlana Velieva rusca paylaşıb ki, “19 iyuna bilet istəyirəm. Bəlkə kimsə satır?”

Sosial şəbəkələrdə yayılmış fotolarda biletlərin qiyməti 140-940 manat göstərilib.