Azərbaycan qanunvericiliyinə görə, hər bir əmək qabiliyyətli yaşında insan ilə ərzində ən azı 630.5 kq müxtəlif qida məhsulları və 150 ədəd yumurta istehlak etməlidir.
Nazirlər Kabinetinin təsdiqlədiyi minimum qida rasionunda 35.4% süd və süd məmulatlarının, 24.1%-i tərəvəz və kartofun, 21.7% çörək və çörək məmulatlarının, 6.5% ət və ət məmulatlarının (balıq və balıq məmulatları daxil), 6% meyvənin, 2.8% yağların (bitki və kərə), 2.7% şəkər və şirniyyatların payına düşür. Bir sözlə, əmək qabiyyətli bir insanın öz fizioloji mövcudluğunu qoruması, iş qüvvəsini bərpa etməsi üçün tələb olunan minimum qida rasionunun 99.2%-ni yuxarıda qeyd olunan 7 qida qrupuna daxil olan ərzaq məhsulları təmin etməlidir.
İndi diqqət yetirək: son 1 ildə bu qida qrupundan 6-ı üzrə məhsulların, həmçinin yumurtanın qiymətində xeyli bahalanma olub. Rəsmi statistikaya görə, son 1 ildə süd və süd məmulatlarının qiyməti 11.2%, çörək və çörək məmulatlarının qiyməti 16.2%, ət, ət məmulatları, balıq və balıq məmulatlarının qiyməti 10%-ə yaxın, meyvə 6.2%, yağlar 25%-dən çox, şəkər və şurniyyatları 16.5% bahalanıb. Amma əmək qabiliyyətli işçi üçün 2016-cı ilin yaşayış minimumunun dəyəri 2015-ci ilə nisbətən cəmi 3% və ya 5 manat artırılıb: 2015-də 141 manat idi, bu il üçün 146 manata qaldırılıb. Hökumət maaşları artıra bilməsə də, ən azından yaşayış minimumunun dəyərini qiymət artımına uyğun müəyyən etməlidir. Çünki bu “Yaşayış minimumu haqqında” Qanunun tələbidir. Həmin qanunun 2-ci maddəsinə görə, yaşayış minimumu göstəricisi yoxsullar üçün ünvanlı sosial yardım sisteminin formalaşdırılması, yoxsulluq səviyyəsinin ölçülməsi, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin müəyyənləşdirilməsi üçün əsas göstəricidir. Ona görə real qiymət artımı mütləq yaşayış minimumunun dəyərində öz əksini tapmalıdır.
Nəzərə alın ki, həmin 146 manata təkcə ərzaq yox, kommunal xidmətlər və sosil xidmətlər (təhsil və səhiyyə) üçün haqlar da ödənməlidir, geyim və ev əşyaları, azyaşlı uşaqlar üçün məktəb ləvazimatları da alınmalıdır. Yeri gəlmişkən, bu il əhali üçün su tariflər də 35%-ə yaxın artılıdı. Göründüyü kimi, ən az artan iqymət 6%, ən yüksək artan 30-35%. Amma yaşayış minimunun dəyərində cəmi 3%-lik artım.