İdmançı İntiqam Zairov BBC Azərbaycancaya deyir ki, Azərbaycanda ağır atletikaya “qıraqdan baş məşqçi” gələndən sonra hər şey dəyişib, son iki ilin ərzində özü iki dəfə dopinqə düşüb.
“Mən burda (Azərbaycanda) iki dəfə analiz verib getmişəm həmin yarışa. Elə olduğunu bilsəydim heç yarışa da getməzdim”, idmançı əlavə edir.
Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə ağırlıq qaldırma üzrə beş Azərbaycan idmançısı 2023-cü, biri isə 2019-cu ilə qədər diskvalifikasiya edilib.
- Elxan Əliquluzadə 2023-cü ilə qədər diskvalifikasiya olunub
- Silviya Anqelova 2023-cü ilə qədər diskvalifikasiya olunub
- Firudin Quliyev 2023-cü ilə qədər diskvalifikasiya olunub
- Valentin Xristov 2023-cü ilə qədər diskvalifikasiya olunub
- İntiqam Zairov 2023-cü ilə qədər diskvalifikasiya olunub
- Dadaş Dadaşbəyli 2019-cu ilə qədər diskvalifikasiya olunub
İdmançılar 2015-ci ilin noyabr ayında, Hyustonda dünya çempionatında dopinqdən istifadə etməkdə ifşa olunublar, qurumun yaydığı məlumatda deyilir.
İdmançıların özlərindən apellyasiya şikayəti ilə bağlı təşəbbüs gələcəyi halda nazirlik yerli Ağır Atletika Federasiyası ilə birlikdə bu istiqamətdə işlər aparacaq, Azərbaycan Gənclər və İdman nazirliyi sözçüsü Səmayə Məmmədova BBC Azərbaycancaya deyib.
Azərbaycan Ağır Atletika Federasiyası isə hadisə ilə bağlı suallarımızı cavablandırmaq üçün zəngimizə cavab vermədi.
Dopinq testi nəticələrinə görə bu günə qədər idmançılardan başqa heç kimin cəzalandırılmadığını deyən mütəxəssislər isə düşünür ki, onların sırasında həm də idmançılara dopinq verənlər də olmalıdır.
Kimə şikayət edim?
8 il idman oyunlarından kənarlaşdırılan İntiqam Zairov deyir ki, bu idman növü ilə 2002-ci ildən məşğuldur və son illərə qədər heç vaxt dopinqə düşməyib.
“Gəlmələr gələndən sonra hər şey dəyişdi” deyən idmançı onlara təyin olunan bolqarıstanlı və polyak baş məşqçilərin işlədiyi son bir neçə il ərzində iki dəfə dopinqə düşdüyünü bildirir.
“Baş məşqçi var və biz də ona tabeyik. Onun bizə verdiyi vitamin və iynədən mənim başım çıxmır ki, hansı qadağandır hansı yox. Özü bilirdi və bizə verirdi”, idmançı “biz özbaşına deyilik” deyərək yalnız baş məşqçinin özünün onlara verdiyi vitamin, dərman və iynələrdən istifadə etdiyini deyir.
İlk dəfə 2013-ün aprel ayında götürülən dopinq testinin nəticəsinə görə 2014-cü ilin aprelində oyunlardan kənarlaşdırıldığını deyən İntiqam Zairov, qadağa aradan qaldırılandan sonra 2015-ci ildə qatıldığı ilk yarışdan belə bir cavab almasından “stress keçirir”.
“Səkkiz il çox müddətdir. İdman karyerası demək olar ki, bitdi. Mənim o qadağa bitəndə 39 yaşım olacaq. Axırıncı şansım olimpiada idi, o da oldu heç nə”, deyə idmançı təəssüf hissi keçirir.
O, Federasiyanın qərarından apellyasiyaya müraciət etməyin “mənasız” olduğunu düşünür və şikayət etməyi planlaşdırmır.
“Kimə şikayət edim? Hamısı bilir. İndi mən deyim ki, belə oldu, belə oldu. Bunlar lazımsız şeylərdir. Böyüklər indi nə məsləhət görsə onu da edəcəm”, idmançı əlavə edir.
Gənclər və İdman nazirliyi isə bildirir ki, hələlik apellyasiya şikayəti verilməyib.
“İdmançı özü deməlidir ki, mən bilirəm, məndə dopinq olmayıb və mən verirəm apellyasiyaya. Dopinq nazirlikdə tapılamyıb ki, dopinq federasiyada tapılmayıb ki, idmançıda tapılıb”, qurum sözçüsü Səmayə Məmmədova qeyd edir.
“Rəqəmi belə çox gözləməyən” və ikinci dəfə dopinqə düşən idmançı Firudin Quliyev “olan olub, heç nəyi geri qaytara bilmərik” desə də cəzanın aşağı salınacağına hələ də ümidini itirməyib.
İdmançı deyir ki, baş məşqçinin verdiyi vitamin və dərmanların, həmçinin vurduğu iynələrin tərkibində dopinq olmasından “xəbərsiz” olub və özü müstəqil şəkildə heç vaxt hər hansı preparat qəbul etməyib.
“Yarışa getməmişdən əvvəl Azərbaycanda yoxladırdıq. Biz təmiz çıxırdıq deyə gedirdik yarışa. İndi bilmirəm bu 2013-də, 2015-də niyə belə oldu”, idmançı buna rəğmən şikayət etməklə bağlı qərar verməyə tələsmir.
“İdmançı yoxdur”
Dopinqi “ən böyük bəla” adlandıran ağır atletika üzrə mütəxəssis Vahid Nəzərovun sözlərinə görə, dünyada istifadə olunan müasir testlər son bir ildə qəbul olunan bütün dopinqləri üzə çıxarır.
O iddia edir ki, 2010-cu ildən “xarici məşqçilər gələndən sonra azərbaycanlı idmançılar dopinqə düşür” və ilk dəfə belə hadisə 2011-ci ildə baş verib.
“Beynəlxalq Ağır Atletika Federasiyası Bolqarıstan atletlərini dopinqə görə iki dəfə cəzalandırıb və onları iki dəfə oyuna buraxmayıblar. Biz isə ordan mütəxəssis və legionerlər gətiririk”, Vahid Nəzərov deyir. “Dopinq istifadəsinə görə Azərbaycanda bu günə qədər heç kim cəzalanmır”, o, təəssüflə qeyd edir.
“İdmançılar cəzalanır Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən, amma özümüzdə kim onlara verib bu dərmanları, onları axtarıb tapmırlar. Onları məsuliyyətə cəlb etmirlər”, o əlavə edir.
Beynəlxalq dərəcəli hakimi indi narahat edən bu ayın 23-ü Gürcüstanda keçirilən gənclər arasında dünya çempionatında milli komandadan kiminsə iştirak edə bilməməsidir.
“Gör nə günə qoyublar ki, orda iştirak etməyə idmançı yoxdur, hamısını salıblar dopinqə”, cənab Nəzərov 2010-cu ildən bu yana yerli idmançıların bu sahədə medal almadığını vurğulayır.
“Bu da onunla əlaqədardır ki, milli federasiyada məşvərət şurası keçirilmir, araşdırılmır ki, o mütəxəssisi dəvət edirik, onun nəticələri nədir? Nə edib karyerası boyunca? O idmançını gətiririk, yedizdiririk, pullarını da veririk, mükafatlarını da alırlar. Dopinqə də salırlar idmançıları sonra da çantasını götürüb gedirlər”, deyə əməkdar idman xadimi bu məsələdə “uduzan bizim idman olur” deyir.
Cağırış
Azərbaycan Gənclər və İdman Nazirliyi yaydığı məlumatında hadisə ilə bağlı “çox narahat” olduğunu qeyd edib.
Məlumatda deyilir ki, nazirlik tərəfindən “bütün lazimi işlərin aparılmasına baxmayaraq” bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən nazirlik idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırır.
“2023-cü ildə 30 yaşım olacaq” deyən idmançı Firudin Quliyev isə Dünya və Avropa Çempionatlarından sonra arzusunda olduğu Olimpiya oyunlarına qatılacağına ümidlə yanaşır.
“Olimpiya oyunları 2024-ə düşür. Məşqləri indi dayandırmışam. Amma 2021-də başlayacam məşqə və inşallah iştirak edəcəm”.