Bu gün məhkəmədə “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının yaradıcısı Qənimət Zahidin qohumları üçün uzun müddətli həbs cəzası istənilib. Həmçinin Meydan.Tv-nin əməkdaşı Həbib Müntəzirin qohumlarına təzyiqlər başlayıb. AXCP sədri Əli Kərimli Facebook səhifəsində bütün bunlara münasibət bildirib:
“2 ay bundan əvvəl Milli Şuranın sədri, hörmətli Cəmil Həsənli ilə birlikdə Panama sənədlərində İlham Əliyevin ailəsinə aid məlumatların araşdırılması üçün Respublikanın Baş Prokuroruna sorğu göndərmişik. Bu günə qədər də cavab yoxdur. Panama sənədlərini araşdırmağa cəsarəti çatmayan prokurorluğun nümayəndəsi bugünkü sifarişli məhkəmədə “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının yaradıcısı Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun hər birinə 8 il 6 ay həbs cəzası istəyib. Bu şəxsləri məhz Qənimət bəyə qohum olduqları üçün narkotiklə şərləyiblər. Qənimət bəyi susdurmaq üçün qohumlarını girov götürüblər. Təəssüf ki, siyasi fəalların qohumlarını girov götürmək, onlara hədə-qorxu gəlmək artıq adi hala çevrilib.
Azərbaycanı 14 il bundan qabaq tərk etmiş, hazırda Almaniyada mühacir həyatı yaşayan, tanınmış bloqçu və Meydan TV-nin redaktoru Həbib Müntəzirin yaxın qohumları da polis tərəfindən dindirməyə cəlb olunmaqla hədələniblər. Heç bir şübhə yoxdur ki, bu dindirmələr də Həbib Müntəzirə təzyiq məqsədilə edilir. Azərabaycan hakimiyyətinin milyardlarla dollar pul xərcləyib Avropa Oyunlarına, Avrovizya yarışmasına, “Formula-1”ə ev sahibliyi etməsi, Bakı şəhərində yaradılan zahiri təmtəraq, gözə kül üfürmək üçün keçirilən beynəlxalq tolerantlıq konfransları hakimiyyətin əsl mahiyyətini gizlədə bilməz. Azərbaycanı hazırda orta əsr feodal təfəkkürü ilə idarə edirlər. Ölkəmizdə köklü demokratik dəyişikliklər hər gün bir az da zərurətə çevrilir. Hər bir azərbaycanlının səsini ucaltmasına ehtiyac var”.