MTN intiharlarının arxasında nə dayanır?

ilham-ismayilİlham İsmayıl: «Bu hakimiyyətdaxili savaşın təzahürləridir»

MTN işi ilə bağlı Ilqar Əliyevin müəmmalı şəkildə intiharından sonra baş verənlərə maraq bir qədər də artdı. Son günlər sosial şəbəkələrdə həbsdə olan MTN generallı Akif Çovdarovun Ədliyyə Nazirliyinin Müalicə Mərkəzində intihara cəhd etməsi il bağlı xəbərlər yayılıb. Oxşar xəbərlər daha bir hazırda həbsdə olan MTN-çi Elçin Əliyevlə də bağlı yayılır.

Bundan əvvəl də Azərbaycanda səsli-küylü həbslər olub. Nazir, məmur postunu tutan şəxslər belə həbs edilib. Amma bu olayların heç birində həbs olunan şəxsin həbsinə etiraz əlaməti olaraq intihara əl atdığı xəbəri yayılmayıb. Ekspertlərin fikrincə, bu cür məlumatların mətbuata ötürülməsi təsadüfi deyil və konkret məqsədlərə xidmət edir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, dəfələrlə qeyd olunub ki, hakimiyyət daxilində müxtəlif qruplaşmalar var. Bu qruplaşmaların daxilində nüfuz savaşının hər zaman getdiyini deyən I.Ismayıl vurğuladı ki, bu proseslər indiyə qədər normal formada cərəyan edirdi. Amma hazırda hakimiyyətdaxili qruplaşmaların nüfuz savaşı artıq başqa müstəviyə keçib: “Artıq bu mübarizə o həddə çatıb ki, proseslər kriminala bağlıdır. Kriminalın özünün ifşası, əks tərəflə bağlı materialların açıqlanması, gözdən salınması gündəmə gəlib. Mətbuata intiharlarla bağlı xəbərlərin sızdırılmasının da arxasında məhz bu məqam dayanır. Indiki halda mətbuat bolluğu var. Düzdür bu bolluğu heç də keyfiyyətli adlandırmaq olmaz. Bu mətbuat bolluğunda maksimum çalışılır ki, verilən sifarişlər yerinə yetirilsin. Amma ən azı məntiqlə fikirləşəndə bilirik ki, bu hakimiyyətdaxili savaşın təzahürləridir”.