Hökumət anlamır ki, əgər siyasi rəqiblərin cibinə 1 kq narkotik qoyulması praktikası varsa…

”Hökumət anlamır ki, əgər siyasi rəqiblərin cibinə 1 kq narkotik qoyulması praktikası varsa, kim təminat verə bilər ki, həmin narkotik iş adamının da cibindən çıxmayacaq?”

Ölkə başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının IV qurultayında çıxış edərək xaricdə yaşayan zəngin azərbaycanlıları ölkəyə sərmayə qoymağa çağırıb.

Məsələyə iqtisadçı, REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli öz Facebook səhifəsində münasibət bildirib. Onun fikrincə, hökumət bir məsələni heç vaxt anlamaq istəmir: «Hər hansı bir ölkəyə sərmayə qoymadan öncə iş adamı ilk olaraq 2 məsələni öyrənir: Siyasi risklər, məhkəmə sistemi və mülkiyyət toxunulmazlığı.
Hər iki məsələdə önəmli olan indikatorlar var: Beynəlxalq reytinq agentliklərinin rəyi, ölkənin beynəlxalq imici, ölkənin beynəlxalq təşkilatlarda üzvlüyü, iş adamları ilə bağlı qalmaqallı işlər.
Gəlin bu indikatorlar üzrə ölkənin vəziyyətinə baxaq: Birincisi, son 2 ildə bütün nüfuzlu beynəlxaq reytinq agentlikləri (Moody’s, Standard & Poor’s, Fitch) ölkənin reytinqini aşağı salıb, yatırım üçün riskli ölkələrin siyahasına daxil edib, ciddi idarəçilik və sistem problemləri olduğunu yazıb. İkincisi, ölkənin imici son illərdə bərbad gündədir, siyasi həbslər, civil topluma və mediaya olan basqılar, dünyanın nüfuzlu media orqanlarında az qala hər gün ölkə haqqında neqativ, amma həqiqətə uyğun informasiyalar gedir. Üçüncü, Azərbaycan artıq 18 ildir ki, güya, ÜTT (Ümumdünya Ticarət Təşkilatı) üzv olmaq üçün danışıqlar aparır, əslində bütün səylər ona hesablanıb ki, üzv olmayaq. Səbəbi də bəllidir: ÜTT üzvlüyü gömrükdə, vergilərdə bəlli sivil oyun qaldalarının tədbiqini, beynəlxalq iqtisad məhkəmələrinin tanınmasını tələb edir, bu isə hökumətə sərf etmir. Dördüncü, ölkəmizdə Paolo Perviz, Hüseyn Arabul kimi iş adamlarının başlarına gələn oyunları bütün dünya bilir. Bundan başqa, az bilinən, ya bilinməyən yüzlərlə bənzər işlər var. «İnterpol» xətti ilə dünyada ən çox iş adamlarını axtarışa verən ölkələrdən biri Azərbaycandır. Son aylar 7000 iş adamının hüquq-mühafizə orqanları tərəfindən “ət çəkən maşından” keçirilməsi də hamıya məlumdur”.

Natiq Cəfərli deyir ki, məhkəmə sistemi bərbaddır, söhbət tək siyasi işlərdən getmir, bütün məhkəmə işlərində ədalət ya yoxdur, ya da pulla alınır: ”Bundan başqa, hökumət anlamır ki, əgər siyasi rəqiblərin cibinə 1 kq narkotik qoyulması praktikası varsa, bu, mümkündürsə, kim təminat verə bilər ki, həmin narkotik iş adamının da cibindən çıxmayacaq və onun bütün mülkiyyəti əlindən alınandan sonra iş bağlanmayacaq? Bir dəfə yazmışam, bir daha deyim: Mark facebook-u Azərbaycanda yaratsaydı, qazandığı ilk milyondan sonra hər hansı bir məmur biznesini onun əlindən rahatca, özü də “qanuni” məhkəmə qərarı ilə almışdı. Mülkiyyət toxunulmazlığı iqtisadi sabitliyin təməlidir, investisiyaların cəlb edilməsinin əlifbasıdır. Azərbaycanda son illər insanların mülkiyyət hüququ hər addımda pozulub, Avropa Məhkəməsi mülkiyyət hüququnun pozulmasına dair işlərlə doludur. Belə bir vəziyyətdə hansı axmaq investor Azərbaycana sərmayə qoyar, burada işləmək istəyər?!
Hökumət nufuzlu beynəlxalq qurumların və media orqanlarının yüzmilyonlara çatan tənqidinə AZTV-də cavab verərək, öz işini bitmiş hiss edir, anlamır ki, iqtisadiyyatın, sərmayə cəlb olunmasını hesabı-kitabı, qaydaları var. Bunun yolu sistem islahatlarından və ədalətli məhkəmə siatemindən keçir”.