Ərəstun Oruclu: Ramiz Mehdiyevin məqaləsi hakimiyyətdaxili auditoriyaya hesablanıb

Ramiz Mehdiyev

Zərdüşt Əlizadə: ”Azərbaycan Amerikadan xeyli asılıdır”

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Qloballaşma şəraitində güclü Azərbaycan dövləti milli ideyanın təsviri kimi” məqaləsi dərc olunan gün “Azərbaycan” qəzeti də “ABŞ Azərbaycanı “enerji lideri” elan etdi” başlıqlı məqalə dərc edib. R.Mehdiyevin məqaləsi anti-Qərb səciyyəsi daşıdığı halda “Azərbaycan” qəzetinin məqaləsində qeyd olunur ki, istisnasız olaraq hər bir dövlət rəsmi Vaşinqtonla hesablaşmağa çalışır. Amma bu sırada çox az dövlət var ki, onlarla münasibətlər “hökm verən və icraçı” müstəvisində yox, tərəfdaşlıq və maraqların uzlaşdırılması kontekstində bərqərar olub. Azərbaycan da bu ölkələr cərgəsindədir. Yəni respublika ABŞ-ı dünyanın ən qüdrətli ölkəsi kimi tanıyır, onunla münasibətlərə böyük önəm verir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Ramiz Mehdiyevin məqaləsinin üzə çıxmasının səbəbini hakimiyyətdaxili çəkişmələr və məqalədəki fikirlərin də iqtidardaxili auditoriyaya hesablandığını düşünür: “Hakimiyyət daxilində 2018-ci il seçkiləri öncəsi mübarizə gedir, cənab Mehdiyev də məqaləsində xüsusi olaraq Heydər Əliyev kursunu vurğulamaqla hakimiyyətin ənənəvi klanın əlində olduğunu deyir. Bir daha deyirəm, məqalə hakimiyyətdaxili auditoriyaya hesablanıb. Mesaj verilir ki, Heydər Əliyevin istinad etdiyi ənənəvi klan hakimiyyəti qoruyub saxlamalı və xarici siyasi kurs Rusiyapərəst olaraq qalmalıdır. Bütün məqalənin mahiyyəti bundan ibarətdir”.

Ərəstun Oruclu

Ərəstun Oruclu.

Siyasi şərhçi düşünmür ki, Mehdiyevin məqaləsi Qərb-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər: “Qərb Ramiz Mehdiyevin kim olduğunu bilir, onu növbəti dəfə kəşf etməyə və ya təqdim etməyə ehtiyac yoxdur”.

Ə.Oruclu R.Mehdiyevin məqaləsində sitat gətirdiyi ABŞ köşə yazarı Paul Kreyqin orta səviyyəli bir jurnalist olduğunu düşünür: “Mənim bildiyim qədər, təbii ki, yanıla bilərəm”.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə məsələyə müqayisəli yanaşdı: “Tutaq ki, Barak Obamanın aparatının rəhbəri Azərbaycan hakimiyyəti haqda sərt məqalə yazır və “Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəylidən sitat gətirir. Bunun əhəmiyyəti, yaxud Əliyev hakimiyyətinə təsiri varmı? Azərbaycan hakimiyyəti azad mətbuatı, müxalifəti, QHT sektorunu darmadağın edib, ziyalıları satın alıb, cəsarətli gəncləri də həbs edir. Bilirsiniz, dövlətarası münasibətlərdə daha fundamental məqamlara baxmaq lazımdır. Bakı-Vaşinqton münasibətlərində fundamental məqamlardan birincisi iki dövlətin bir-birini tanımasıdır. İkincisi, ABŞ şirkətləri Azərbaycan neftində böyük paya malikdirlər. Üçüncü, Azərbaycan Amerikadan xeyli asılıdır. Dördüncü, məmurların okeanın o tayında mülkiyyəti var. Mehdiyevin Putin haqda dediklərinə gəlincə, ötən il Rusiyanın ümumdaxili məhsulu 3 faiz, bu il isə 2,5 faiz düşəcək. Bütün dünya bankları Rusiyanın qiymətli kağızlarından imtina edib, şimal ölkədə hansı inkişafdan danışmaq olar?”.

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə.

“Azərbaycan” qəzetinin yazdığına gəlincə, Əlizadə hesab edir ki, Amerika Azərbaycan siyasətində belə şeyləri nəzərə almır: “Bir daha deyirəm, bu cür yazılar real siyasət sayıla bilməz. Real siyasət iqtisadiyyatdır, hərbdir və maliyyədir. Bu baxımdan Azərbaycan Amerikanın “cibindədir”, 33 milyard neft pulu isə Avropa banklarındadır, indi də Qərbdən borc almaq istəyirlər. Əsas fakt odur ki, Azərbaycan xalqı zəlil gündədir”.