BANK VTB-nin AZƏRBAYCANA XƏYANƏTİ TƏSDİQLƏNDİ

vtb_bank_banco.az_

“VTB-yə pul verən=erməniyə işləyən!” kampaniyası çərçivəsində bu bankı boykot etməliyik

Rusiya dövlət mətbuatının məlumatına əsasən Rusiyanın VTB Qrupuna məxsus olan Bank VTB (Ermənistan) 1-7 aprel arası Qarabağda məhv edilmiş erməni işğalçılarının ailələrinin kredit borclarını bağışlamışdır (http://ria.ru/economy/20160408/1405450767.html). Rusiya mətbuatı bu xəbəri indiyədək bütün resurslarında olduğu kimi saxlayıb. VTB-nin Moskva ofisi də Rusiya mətbuatında təkzib vermədi.

Yalnız bizim Trend və APA informasiya agentlikləri VTB-nin Moskva ofisinə istinadən xəbər yaydılar ki, guya Rusiya mətbuatının məlumatı həqiqətə uyğun deyil və VTB erməni işğalçılarının borcunu bağışlamayıb. Mən hər iki agentliyə rəsmi müraciət edərək (həm adi, həm də elektron poçtla) yaydıqları xəbərin onlara konkret olaraq kim tərəfindən və hansı formada (şifahi, yazılı) verilməsinə, habelə bu məlumatın təsdiqinin (audioyazı, məktub) olub-olmamasına aydınlıq gətirmələrini xahiş etdim. Trend mənə ümumiyyətlə cavab vermədi. APA-dan mənimlə şifahi əlaqə saxlayıb məlumatın Moskvadan onlara elektron poçtla daxil olduğunu bildirdilər. Amma APA-nın mənə rəsmi cavab məktubunda sorğumun cavablandırılması “hüquqi nöqteyi nzərdən mümkünsüz hesab edilmişdir”, çünki vəkil olaraq onun hansı zərurətdən irəli gəldiyini qeyd etməmişəm (sanki APA bunu bilmirdi və bilmirdisə belə, yaydığı məlumatın mənbəyi məlum olduğu halda sualıma olduğu kimi cavab verməsində nə problem var ki?!).

Maraqlı vəziyyət alınır. Rusiya dövlət mətbuatı VTB-nin erməni qəsbkarlarına güzəşt etdiyini yazır. VTB buna etiraz etmir. Bizim iki agentlik isə VTB-yə istinadən təkzib verir, amma təkzibin əldə edilməsi haqda məlumat vermir (öz işləridir əlbəttə, amma biz onların sözünə niyə gözüyumulu inanmalıyıq?). Üstəlik VTB bizim digər KİV-lərimizin analoji sorğusuna nədənsə cavab vermir. Mən özüm də VTB-yə rəsmi məktub yazdım, o cümlədən elektron poçtla. Bütün müraciətlərimi aldıqları haqda rəsmi təsdiqim də var. Amma mənə də cavab vermədilər. Əgər erməni işğalçılarının borcunu bağışlamayıblarsa və bizim iki agentliyə bunu deyiblərsə, niyə digər KİV-lərimizə və mənə də eyni məlumatı verməkdən yayınırlar?

Yeri gəlmişkən, mən VTB-yə Neft Fondumuzun tövsiyəsi ilə müraciət etmişdim. Xatırladıram ki, məsələ ilə əlaqədar Neft Fonduna, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Ataholdinqə məktub göndərmişdim. Yazmışdım ki, VTB ən azı Rusiya dövlət mətbuatında rəsmi təkzib verməlidir. Əks halda, Neft Fondu VTB-yə yerləşdirdiyi 500 mln. dolları, Ataholdinq isə 24,9 mln. manatı geri götürməli, Maliyyə Bazarlarına Nəzarət Palatası isə Bank VTB (Azərbaycan) ASC-nin lisenziyasını ləğv etməlidir.

Neft Fondu mənə dərhal cavab verdi (cavabı dərc etmişdim) və yerli mətbuatımıza istinad edərək erməni işğalçılarının borcunun bağışlanması xəbərinin VTB-nin Moskva ofisi tərəfindən təkzib edildiyini bildirdi. Amma eyni zamanda Fond qeyd etdi ki, şübhəm varsa, birbaşa VTB-yə müraciət edə bilərəm. Fondun bu məsləhəti ilə mən müraciət etdim, amma mənə cavab vermədilər. Deməli, şübhələrim əbəs deyilmiş!

Yeri gəlmişkən, Ataholdinq və Maliyyə Bazarlarına Nəzarət Palatası da mənə cavab verib. Hər iki cavabı dərc edirəm. Ataholdinq yerli mətbuata və özünün məlumatına, Palata isə bizim yerli VTB-nin məlumatına əsasən erməni işğalçılarına güzəştin olmadığını qeyd edir. Palata yerli VTB-nin məktubunu da təqdim edib (onu da burada dərc edirəm). Yerli VTB-nin sədri o qədər həyəcanlı olub ki, məktubun tarixini belə düzgün yazmayıb (guya 27.04.2016-cı il tarixli məktuba 05.04.2016-cı il tarixdə cavab verib!). Tarixi bəlli olmayan bu məktubda yerli VTB də deyir ki, guya güzəşt xəbəri həqiqətə uyğun deyil.

Mən ilk növbədə bu məsələyə diqqətlə və vətənpərvər ruhda yanaşdıqlarına görə Neft Fonduna, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Ataholdinqə dərin minnətdarlığımı bildirirəm. Başa düşürəm ki, müəyyən siyasi və hətta geosiyasi məhdudiyyətlər var. İmkanları daxilində bu qurumlar bacardıqlarını etdilər (daha iki mətbuat agentliyimiz kimi məni yola vermədilər, cavabsız qoymadılar, VTB-dən cavab tələb etdilər!). Var olsunlar!

Lakin biz, sıravi vətəndaşlar üçün bu məhdudiyyətlər yoxdur. İlk gündən demişdim ki, təkzib Rusiya mətbuatında verilməlidir, əks hald deyilən hər söz yalandır. Çünki erməni işğalçılarının borclarının bağışlanması xəbərini Rusiya dövlət mətbuatı yayıb və indiyədək də bu məlumatı çıxarmayıb. Təkzibin bizim bəzi yerli mətbuatımızda getməsi gülüncdür. Xüsusulə nəzərə alsaq ki, həmin yerli mətbuatımız bu məsələdə əcaib qeyri-şəffaflıq nümayiş etdirir. Yerli VTB-nin də məktubu təbii dəlil deyil. Çünki o maraqlı tərəfdir. Gəmidə oturub gəmiçi ilə savaşmayacaq ki! Güzəşti yerli VTB etməyib ki! Ermənistanda güzəşti Rusiya VTB-si edib. Etməyibsə, təkzibi də o verməli idi, çünki məlumatı Rusiya dövlət mətbuatı yayıb. Amma vermir. Niyə? Çünki güzəşt olub! Bəli, VTB torpaqlarımızı zəbt etmiş erməni ordusunu maliyyələşdirir. O cümlədən bizim pulumuzla.

Buna görə də biz VTB-ni boykot etməliyik. Orada pul yerləşdirməməliyik. Bu bankın kreditini qaytaranda qəpiyinə kimi düzgün hesablanma tələb etməliyik (təbii, əgər borclu ödəyə bilirsə; bilmirsə, ödəməməlidir!). Çünki bizim bu banka verdiyimiz qəpik belə erməni ordusuna çata bilər.

Əkrəm Həsənov