Çexiya polisi miqrantların Avropa Birliyinə daxil olmasından ötrü saxta Litva sənədləri hazırlayıb paylayan cinayətkar şəbəkəni dağıtdığını bildirir.
Çexiya mütəşəkkil cinayətkarlığa qarşı idarəsinin sözçüsü Pavel Hantak mayın 31-də bildirib ki, keçmiş sovet respublikalarından 10 şübhəli saxlanıb. Onlardan beşi Ukraynadandır, ancaq digərlərinin milliyyətini açıqlamayıb.
Təqsirləri sübuta yetirilsə, şübhəlilərə 10 il həbs cəzası kəsilə bilər.
Hantak deyib ki, saxta sənədlər – pasport, şəxsiyyət və sürücülük vəsiqələri Litvada hazırlanıb, oradan Çexiyaya və digər AB ölkələrinə aparılıb. O, həmin sənədlərdən istifadə edən yeddi miqrantın da saxlandığını bildirib.