Rusiyada məhkum edilmiş ukraynalı hərbçi Nadejda Savçenko prezident vəzifəsini tutmağa hazır olduğunu deyib.
“Mən uçmaq istəyirəm, lakin adamlar məni prezident görmək istəsələr, mən hazıram”, Savçenko Kiyevə gələndən sonra ilk mətbuat konfransında deyib.
İki rusiyalı jurnalistin qətlilə bağlı 22 il həbs cəzasına məhkum edilmiş Nadejda Savçenko mayın 25-də Rusiya prezidenti Vladimir Putinin əvf fərmanı ilə azad olunaraq Kiyevə göndərilib. Onunla eyni gündə Ukraynada məhkum edilən iki rusiyalı hərbçi Kiyevdən Moskvaya çatdırılmışdı.
Hazırda Savçenko Ali Radanın üzvü kimi əsir düşən şəxslərin azad olunması və Silahlı Qüvvələrlə bağlı məsələlərin həllilə məşğul olmaq niyyətindədir.
“Orduya nəzarət üzrə komitədə işləyəcəm. Mən ön cəbhədə olan məsələləri bilirəm və orduda bütün korrupsiyadan xəbərdaram. Bununla mübarizə aparacağam”.
“Ukrayna Krımı qaytara biləcəkmi” sualına cavab verən Savçenko deyib ki, buna nail olmaq üçün iki yol var: müharibə və yaxud da beynəlxalq hüquq.
Nadejda Savçenko ilə mətbuat konfransında çıxış edən Ukrayna prezidenti Petro Poroşenko “Krım və Donbası Savçenkonu qaytardığı kimi qaytarmaq” niyyətində olduğunu deyib.
Rusiya prezidentinin mətbuat katibi Krım barədə Poroşenkonun bəyanatını “ərazi iddiası” adlandırıb.
Dmitri Peskov həmçinin deyib ki, Donbası qaytarmaq istəyi humanitar niyyətlərlə bağlıdırsa Kremldə Ukraynanın belə addımını dəstəkləyəcəklər.