Milli Məclis Mustafa Hacıbəylinin barəsində ciddi ölçü götürülməsini istədi ya onu növbəti siyasi məhbus üçün namizəd verdi?

Milli Məclis Mustafa Hacıbəylinin barəsində ciddi ölçü götürülməsini istədi

Milli Məclis “Basta” xəbər portalının və onun baş redaktoru Mustafa Hacıbəylinin barəsində ciddi ölçü götürülməsi barədə Mətbuat Şurasına müraciət edib. Bu haqda “Basta”nın redaksiyasına Mətbuat Şurasından məlumat verilib.

Milli Məclisin rəsmi məktubunda deyilir: “2016-cı il 15 aprel tarixində Bastainfo.com saytında Mustafa Hacıbəylinin “Milli Məclis haradadır?” sərlövhəli yazısı yayımlanıb. Həqiqətə uyğun olmayan iddialardan ibarət olan həmin yazıda Azərbaycan Parlamentinin, həmçinin Milli Məclisin deputatlarının şərəf və ləyaqətinə toxunan qərəzli fikirlər yer alıb. Xüsusilə Qarabağ məsələsindən söhbət gedən yerdə Azərbaycan KİV-də Milli Məclisin ünvanına bu sayaq yalan və böhtanların deyilməsi yolverilməzdir. Bütün bunları nəzərə alaraq Bastainfo.com saytı və yazar Mustafa Hacıbəylinin barəsində ciddi ölçü götürülməsini, yaxud Azərbaycan Mətbuat Şurasının növbəti iclasında bu məsələnin müzakirəyə çıxarılmasını sizdən xahiş edirik”.

Milli Məclisin müraciəti:

 

Bu müraciəti əsas gətirən Mətbuat Şurası rəsmi məktubla Mustafa Hacıbəylini qurumun mayın 27-nə təyin olunan iclasına dəvət edib.

Mətbuat Şurasının məktubu:

 

Milli Məclisin müraciətini şərh edən Mustafa Hacıbəyli məqalədə şərəf və ləyaqətə toxunan hər hansı bir ifadədən istifadə olunmadığını bildirdi.

“Cəbhə xəttində hərbi əməliyyatların qızışdığı dövrdə Milli Məclis tam passivlik nümayiş etdirdi. Mən həmin ərəfədə Milli Məclisin öz saytında parlamentin gündəliyi və qəbul olunan qərarları araşdıraraq bu yazını yazmışam. Yazmışam ki, hətta siyasi müxalifət və mətbuat orqanları belə ordumuza, dövlətimizə dəstək verdiyi halda, Milli Məclisin sanki ölkədə müharibə getdiyindən xəbəri yoxdur. Yazımın məqsədi Milli Məclisi ordumuzun, Azərbaycanın müdafiəsinə səsləmək olub. Şərəf və ləyaqətə toxunan hər hansı bir ifadəyə yol verməmişəm. Bu müraciət isə bizim üçün təəccüblü deyil. “Basta” hakimiyyəti açıq tənqid edən və hakimiyyətə qarşı məlumatları yayımlayan bir neçə media orqanından biridir. Davamlı olaraq təzyiq altındayıq, saytımızın adminləri hakimiyyətin hakerləri ilə dayanmayan mübarizə şəraitində fəaliyyət göstərirlər. Təzyiqlərin hakimiyyətdən gəldiyi rəsmən təsdiqləndi”, – Mustafa Hacıbəyli deyib.

Vəkil Nemət Kərimli Milli Məclisin məktubunu söz və mətbuat azadlığına parlament səviyyəsində basqı kimi qiymətləndirdi. 

“Bu müraciətlə Milli Məclis söz və mətbuat azadlığına, ifadə azadlığına münasibətini büruzə verib. Rəsmən sübut olunur ki, parlament yad fikirə, tənqidə dözümsüzdür. Müraciətdəki “Ciddi ölçü götürülsün” ifadəsi daha çox hüquq-mühafizə orqanlarının ritorikasına aiddir. Alternativ tələb qoyulması isə Mətbuat Şurasının müstəqil qurum olmadığını göstərir”, – Nemət Kərimli deyib.