N!DA vətəndaş hərəkatının üzvü, Amid Süleymanova “bilinməyən səbəbdən” 10 sutka cəza verilib, gəncin atası Yusif Süleymanlı BBC Azərbaycancaya deyib.
Yusif Süleymanlı deyir ki, DİN-in 102 saylı qaynar xəttinə “həddindən artıq təkidlə” zəng etməsindən bir müddət sonra Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən ona bildirilib ki, oğlu barəsində rayon məhkəməsi hökm çıxarıb və gənc hazırda müvəqqəti saxlama təcridxanasındadır.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə hadisədən “xəbərsiz” olduğunu deyir.
N!DA vətəndaş hərəkatının sözçüsü Turqut Qəmbər gənc fəalın saxlanılmasına hər hansı səbəb görmədiyini və bu xəbərin onun üçün “gözlənilməz” olduğunu bildirb.
“Ayaqyalın apardılar”
Yusif Süleymanlının sözlərinə görə, mülki geyimli 4 nəfər ilk olaraq gecə saat 2-də onun evinin qapısını döyüb. Gələn şəxslər “sizin evdən alt mərtəbəyə su damıb” deyə “təkid” etsələr də ata qapını açmayıb.
Onun sözlərinə görə, həmin şəxslər səhərə qədər məhəllədə gözlədikdən sonra günorta saatlarında yenidən evə gəliblər və özlərini “jekin əməkdaşı” kimi təqdim edərək, “evdə kirayə adam saxlayırsınız”, “evdə kim yaşayır” sualı ilə yenidən qapını açmağa “təkid ediblər”.
“Bir neçə saatdan sonra sahə müvəkkili ilə gəldilər, amma bu dəfə polis geyimində. Girən kimi içəri Amidin əl-qolunu bağlayıb ayaqyalın apardılar”, – ata oğlunun kompüterinin, telefonunun, hərbi bileti və xarici passportunun da götürüldüyün iddia edir.
Yusif Süleymanlı dediyinə görə, bölmədən oğluna 10 sutkalıq cəza verildiyini öyrənsə də ona qarşı irəli sürülən ittihamın nədən ibarət olduğunu dəqiqləşdirə bilməyib.
NİDA sözçüsü Turqut Qəmbər deyir ki, hakimiyyət “bəzən repressiyalar aparmaq üçün səbəb göstərmir”.
“Amidin son yazıları da həmişə yazdığı formada idi, orda hakimiyyəti qəzəbləndirəcək xüsusi sərt bir şey yazılmamışdı”, – deyən cənab Qəmbər kompüterin və telefonun aparılmasının “yaxşı şeylərdən xəbər vermədiyini” düşünür.
Gəncin saxlanılma səbəbi haqqında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə məlumat daxil olmayıb, qurum sözçüsü Ehsan Zahidov BBC Azərbaycancaya deyib.
“Əgər saxlanılıbsa, atasına deyəcəklər”, o əlavə edib.