Milli Məclis baş redaktor barəsində Mətbuat Şurasına müraciət etdi
Parlament Mustafa Hacıbəyli haqqında ciddi ölçü götürülməsini istəyib Milli Məclis “Basta” xəbər portalının və onun baş redaktoru Mustafa Hacıbəylinin barəsində ciddi ölçü götürülməsi barədə Mətbuat Şurasına müraciət edib.
Saytdan Meydan TV-yə bildiriblər ki, mayın 24-də “Basta”nın redaksiyasına Mətbuat Şurasından məlumat verilib.
Milli Məclisin rəsmi məktubunda deyilir: “2016-cı il 15 aprel tarixində Bastainfo.com saytında Mustafa Hacıbəylinin “Milli Məclis haradadır?” sərlövhəli yazısı yayımlanıb. Həqiqətə uyğun olmayan iddialardan ibarət olan həmin yazıda Azərbaycan Parlamentinin, həmçinin Milli Məclisin deputatlarının şərəf və ləyaqətinə toxunan qərəzli fikirlər yer alıb. Xüsusilə Qarabağ məsələsindən söhbət gedən yerdə Azərbaycan KİV-də Milli Məclisin ünvanına bu sayaq yalan və böhtanların deyilməsi yolverilməzdir. Bütün bunları nəzərə alaraq Bastainfo.com saytı və yazar Mustafa Hacıbəylinin barəsində ciddi ölçü götürülməsini, yaxud Azərbaycan Mətbuat Şurasının növbəti iclasında bu məsələnin müzakirəyə çıxarılmasını sizdən xahiş edirik”.