”Oğlumun yaraları, işgəncə izləri getmədiyinə görə məni görüşməyə qoymurlar”

Qiyas İbrahimov

Şura Əmiraslanova: ”Dedilər ki, Qiyas özü müstəntiqə ərizə yazmalıdır”

Həbs olunan ictimai fəal Qiyas İbrahimovun anasını onunla görüşə buraxmırlar. Fəalın anası Şura Əmiraslanova deyir ki, 2 saatdan çoxdur Bakı İsintaq Təcridxanasının qarşısındadır. Gətirdiyi sovqatı götürsələr də, onu niyə görüş buraxmadıqlarının səbəbini demirlər.

“Deyirəm, görüş verin, vermirlər. Şəxsiyyət vəsiqəmi alıblar, hələ qaytarmırlar, ya desinlər ki, görüşəcəksən, ya da get söyləsinlər. 2 saatdan çoxdur qapıdayam. Mənə elə gəlir ki, oğlumun yaraları, işgəncə izləri getmədiyinə görə məni içəri buraxmırlar. 14 gün ərzində bir dəfə Qiyasla danışa bilmişəm. O vaxt da çaparaq, iki kəlmə deyib. Sadəcə, dedilər ki, Qiyas özü müstəntiqə ərizə yazmalıdır. Bəlkə də müraciət edib, amma onu da qəbul etməyiblər”,-məhbusun anası Meydan TV-yə belə deyib.

Qiyas İbrahimovla birgə Bayram Məmmədov da həbs edilib. Onlar mayın 10-da eks prezident Heydər Əliyevin heykəlinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazdıqlarından sonra saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələriylə (əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədiylə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə) maddələri ilə cinayət işi açılıb.