Azərbaycan Kraliçanın ad günü çal-çağırına sponsorluq edib

Kralicaİnsan haqlarının durumuna görə tənqid olunan Bəhreyn, Oman və Azərbaycanın Böyük Britaniya kraliçasının ad gününə «dəstəyi» bəzilərinə xoş gəlməyib. Alan White Buzzfeed.com saytında yazır ki, kraliça 2-ci Elizabeth-in 90 illiyi münasibətilə buraxılan kitabçada Bəhreyn kralına, Oman sultanına və Azərbaycan Respublikasına «səxavətli» dəstəyə görə təşəkkür edilir.

Mayın 16-da Vindzor qəsrində təşkil olunmuş konsertdə kraliçanın qarşısında dünyanın müxtəlif yerlərindən, eləcə də Azərbaycandan yüzlərlə çapar çıxış edib.

Şounun sözçüsü Bəhreynin bu tədbirin tərəfdaşı, eləcə də Qran-pri yarışlarının sponsoru olduğunu təsdiqləyib. Ancaq Omanla Azərbaycanın əlavə maliyyə yardımı ayırıb-ayırmaması barədə bir söz deməyib.

«Elə görünür ki, Vindzor qəsrindəki at yarışması avtoritar ölkələrin öz piarları üçün istifadə etdikləri yüksəksəviyyəli tədbirlər siyahısına əlavə olunub», – «Amnesty International» təşkilatından Allan Hogarth deyib. Qurum Bəhreyndə «Ərəb baharı»ndan bəri 100-dən çox insanın həbsə atıldığını, Omanda kütləvi həbslərin keçirildiyini, Azərbaycanda jurnalistlərin təqibə məruz qaldığını, məhbuslara işgəncə verildiyini vurğulayır.

Buzzfeed.com Bukinhem sarayından həmin rejimlərin təntənəli şouya bağlılığını soruşub. Müxbiri tədbirin təşkilatçısı olan «HPower» menecment şirkətinə yönəldiblər. Şirkətdən deyiblər ki, Əlahəzrət Kraliçanın 90 illik yubileyi bir sıra beynəlxalq şirkətlərin, eləcə də bütün dünyadan bir sıra fərdlərin, atçılıq federasiyalarının dəstəyi olmadan düzənlənə bilməzdi. Şirkət bildirir ki, «azərbaycanlı rəqqasların və Qarabağ atlarının və çaparlarının möhtəşəm və cəsur şousu izləyiciləri riqqətə gətirib». Məlumatda Bəhreyn və Oman krallıqlarının, eləcə də Azərbaycan Respublikasının Kraliçanın 90 illik ad günü törəninin uğurlu keçməsində böyük rol oynadığı vurğulanır. Dörd gecə ərzində tədbirə 24 min nəfər qatılıb, final gecəsinin canlı yayımını isə 7.5 milyon nəfər izləyib.

«Bəhreyn, Azərbaycan və Oman Kraliçanın ad günü çal-çağırına sponsorluq etdiyi bir vaxtda bu ölkələrin əhalisi təməl insan haqlarından məhrum edilib», – Allan Hogarth deyir.

«Azərbaycan və Omanda hər həftə jurnalistlər və bloqqerlər həbsə atılır… Bu iki ölkə yüksəksəviyyəli idman tədbirlərindən özlərinin zədəli imiclərini cilalamaqdan ötrü istifadə cəhdləri ilə ad çıxarıblar», – o, sözlərinə əlavə edir.

«Human Rights Watch» insan haqları təşkilatının sözçüsü isə deyir ki, «bu, Azərbaycanın daha bir həyasız PR cəhdidir, bu taktikadan illər boyu istifadə olunub – nüfuzlu lobbi firmalarına ödəniş etməklə qəddar insan haqları pozuntuları təmizə çıxarılıb, beynəlxalq mədəniyyət və idman tədbirlərinə sponsorluq edilib».

«Human Rights Watch» Kraliçanı və tədbir təşkilatçılarını həm də ona görə tənqid edib ki, Kraliçanı düz Bəhreyn kralının yanında oturdublar.

«HPower» şirkətindən «The Independent» qəzetinə deyiblər ki, «kral at şousunu dəstəklədiyindən orda əyləşib», bundan artıq danışmaq istəməyiblər.

(azadliq.org)