
Avropalı siyasətçilər Rusiyanın «qara siyahısına» düşməkdən qürur duyduqlarını bildiriblər. Keçmiş xarici işlər naziri Karel Şvartsenberq deyib ki, bu siyahıya salınmaqla «düzgün adamların klubuna» düşmüş olub. Hollandiyanın baş naziri Mark Ryutte bildirib ki, siyahıda iki holland deputatın da adı var. Baş nazirin sözlərinə görə, Rusiya siyahını Avropa ölkələrinin səfirliklərinə təqdim edib: «Bu deputatlardan biri Lui Bontedir. Bonte Krımın ilhaqını kəskin tənqid edənlərdən biridir. Rusiyanın bu siyahısı qeyri-şəffafdır, hüquqa ziddir və məhkəmədə mübahisələndirilə bilməz».
Bonte özü açıqlama verərək qərardan məmnun olduğunu bildirib: «Məni və bir neçə deputatı Ukrayna məsələsinə görə Rusiyada görmək istəmirlər. Bu sübut edir ki, biz Putinlə bağlı mövqeyimizdə haqlı olmuşuq. Mən son vaxtlar Rusiyada getməmişəm, getmək fikrim də yox idi”.
Avropa Parlamentinin Belçikadan olan deputatı Mark Demesmeker «qara siyahıya» düşməsini belə qiymətləndirib: «Putin məni «qara siyahıya» salıb. Mənim üçün böyük şərəfdir, cənab Putin».
İsveç Xarici İşlər Nazirliyi siyahıya ölkəsindən 8 nəfərin düşdüyünü bildirsə də, ad açıqlmayıb. Hollandiya XİN də xəbəri təsdiqləsə də, Rusiyanın istəyinə uyğun olaraq adları açıqlaya bilməyəcəklərini qeyd edib.
Azadliq.info