Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın yenidən gücləndirilməsinə yönələn siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyir, xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan “həmişə” bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Aİ ilə münasibətləri inkişaf etdirmək istəyib.
Bu baxımdan cənab Məmmədyarov Avropa Qonşuluq Siyasətinin yeni sənədinin alqışlandığını qeyd edib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard ötən həftə deyib ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planına uyğun olaraq Azərbaycanın yaxşı idarəetmə və qanunun aliliyi ilə əlaqədar Aİ-nin bəzi narahatlığı var.
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan “Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etməyə də hazır[dır]”.
Daha sonra o əlavə edib ki, Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində “istifadə olunmamış böyük potensial vardır” və Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin inkişafına töhfə vermək üçün səy göstərir.
“Bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulacaqdır”.
Nazir Məmmədyarov əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün “hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır”.