Mayın 23-də vəkil Elçin Sadıqov Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Murad Quliyevə (Qiyas İbrahimovla bağlı) və həmin idarənin müstəntiqi Həbib Həbibliyə (Bayram Məmmədovla bağlı) gənclərdən aşkar olunduğu iddia edilən narkotik vasitələrin büküldüyü bükümlərin və qablaşdırıldığı polietilen torbaların üzərində olan əl-barmaq izlərinin götürülməsi, onların kimə məxsus olmasının müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatət qaldırıb.
Bu barədə Elçin Sadıqov öz Facebook səhifəsində məlumatı paylaşıb.
Vəkil bildirib ki, Qiyas İbrahimovun gödəkcəsinin sol yan cibindən aşkar edildiyi iddia edilən 2,607 qram hissəsinin büküldüyü selofan kəsiyi bükümünün, evindən aşkar edildiyi iddia edilən 1 kiloqram 10 qram narkotik vasitənin büküldüyü qırmızı rəngli polietilen bağlamanın üzərindəki əl-barmaq izlərinin götürlməsi və kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə ekpertiza təyin edilməlidir.
O, ekspertiza qarşısında aşağıdakı sualların qoyulmasını xahiş edib:
1. Qiyas İbrahimovun gödəkcəsinin sol yan cibindən aşkar edildiyi iddia edilən 2,607 qram hissəsinin büküldüyü selofan kəsiyi bükümünün, evindən aşkar edildiyi iddia edilən 1 kiloqram 10 qram narkotik vasitənin büküldüyü qırmızı rəngli polietilen bağlamanın üzərində neçə əl-barmaq izləri vardır?
2. Aşkar edilmiş əl-barmaq izləri neçə nəfərə məxsusdur?
3. Aşkar edilmiş əl-barmaq izləri kimlərə məxsusdur?
4. Əməliyyatda iştirak etmiş polis nəfərlərinin, Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin, rəsinin, müavinlərinin və bütün işçilərinin əl-barmaq izləri və Qiyas İbrahimovun əl-barmaq izləri götürülərək ekspertizaya təqdim edilsin.
1. B.Məmmədovun cins şalvarının arxa sağ cibindən aşkar edildiyi iddia edilən 2,904 qram narkotik vasitə hissəsinin büküldüyü bükümün, evindən aşkar edildiyi iddia edilən 1150 qram narkotik vasitənin büküldüyü qara rəngli polietilen torbanın üzərində neçə əl-barmaq izləri vardır?
2. Aşkar edilmiş əl-barmaq izləri neçə nəfərə məxsusdur?
3. Aşkar edilmiş əl-barmaq izləri kimlərə məxsusdur?
4. Əməliyyatda iştirak etmiş polis nəfərlərinin, Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin, müavinlərinin və bütün işçilərinin əl-barmaq izləri və B.Məmmədovun əl-barmaq izləri götürülərək ekspertizaya təqdim edilsin.
Vəkil daha sonra qeyd edib ki, bu vəsatətlər təmin olunduğu təqdirdə sübut olunacaq ki, həmin narkotik vasitə hesab edilən heroinlərə Qiyas İbrahimovun və Bayram Məmmədovun heç bir aidiyyəti yoxdur və həmin heroinlər gənclərin cibinə polis əməkdaşları tərəfindən qoyulub. Gənclərin üzərindən aşkar edildiyi iddia edilən heroinlərin polisə məxsus olması barədə gənclərin ifadəsi öz təsdiqini tapacaq.